Navalnıya görə Rusiyaya sanksiya veriləcək? - "Ciddi təsiri olmaz"

DÜNYA
12:34 / 20.02.2024
245

"Aleksey Navalnının ölümü sonrası Qərbin Rusiyaya qarşı təzyiqlərinin artması mümkündür".

Bunu Hit.az-a açıqlama verən politoloq Turan Rzayev deyib.

Ancaq o bildirib ki, bunun Rusiyaya nə qədər təsir edəcəyi sual altındadır:

"Rusiya Ukraynaya hücum edib və torpaqlarının 20 faizə qədərini işğal edib. Üstəlik, bu işğal prosesini hələ də davam etdirir. Qərb isə buna sadəcə sanksiyalar tətbiq etmək, eləcə də Ukrayna hərbi və siyasi dəstək verməklə cavab verir. Lakin geridə qalan 2 il ərzində Rusiya tətbiq olunan bütün sanksiyalara rəğmən hələ də gücünü saxlamaqda və işğal prosesini davam etdirməkdədir".

344202

Politoloq qeyd edib ki, Qərb bir ölkənin işğalına görə Rusiyanı tam mənada çökdürə bilmirsə, Aleksey Navalnının ölümünə görə edəcəyi təzyiqin də Kremlə nə qədər təsir edəcəyi bəllidir:

"Bu baxımdan, Rusiyaya qarşı atılan addımların Kreml üçün ciddi təsir göstərməyəcəyini proqnozlaşdırmaq olar. Amma Qərb prezident seçkiləri öncəsi Rusiyadakı liberal qüvvələri aktivləşdirə bilər. Hətta orada son günlərdə etiraz aksiyaları keçirilir. Lakin Rusiyada mərkəzi hakimiyyət olduqca güclüdür və Vladimir Putin rejimi hazırda uyğun vəziyyətdə deyil".

Turan Rzayev hesab edir ki, Navalnı bir neçə il əvvəl daha ciddi siyasi fiqur idi:

"Amma Aleksey Navalnı Vladimir Putinə alternativ və ya onu devirəcək biri deyildi. Qərb də bunu çox yaxşı bilirdi. Düzdür, Rusiyadakı aksiyalar bir müddət davam edə və baş verənlər prezident seçkilərində Putinin səslərinə müəyyən qədər təsir edə bilər. Buna baxmayaraq, Rusiyada Navalnıya görə ciddi etiraz dalğası olmayacağı kimi, iqtisadi sanksiyaların tətbiqi məsələsi də o qədər aktual deyil".

Pərviz

0