Ermənistanla Belarus arasındakı münasibətlər nə zaman düzələcək? - ŞƏRH

DÜNYA
13:16 / 18.07.2024
421

"Ermənistanla Belarus arasındakı münasibətlərin pozulmasının təşəbbüskarı məhz Paşinyan adminstrasiyası olub".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, rəsmi İrəvanın bu addımı Belarusun anti-Ermənistan mövqeyi ilə əlaqələndirilir:

"Hərçənd ki, Belarus İkinci Qarabağ müharibəsində ədalətli mövqe nümayiş etdirmişdi. Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunmasına baxmayaraq, Belarus Prezident Aleksandr Lukaşenko keçmiş "Qarabağ münaqişəsi" ilə bağlı ədalətli mövqe tutmuşdu. 

Onun Azərbaycanın müharibədə birmənalı olaraq qalib tərəf olacağını deməsi Ermənistan rəsmilərinin xoşuna gəlmirdi. Amma həm reallıqlar baxımından, həm də baş verən proseslərə diqqət yetirdikdə Belarus Prezidentinin həqiqətləri söylədiyini görürük".

354383

Həmsöhbətimiz qeyd edib ki, hadisələrin baş verməsinin üzərindən bir neçə il keçəndən sonra rəsmi İrəvanın belə mövqe sərgiləməsi əslində Belarusa qarşı deyil:

"Hesab edirəm ki, Ermənistan tərəfi Rusiyaya demək istədiyi fikirləri Belarus vasitəsilə bəyan edir. Onlar, Rusiya Prezidenti Vladimir Putinə demək istədiklərini isə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko vasitəsilə deməyə çalışırlar. Hadisələr belə dəyərləndirilməlidir. 

Çünki son zamanlarda Ermənistan təhlükəli oyunlar oynamağa çalışdığı üçün Rusiya ilə münasibətləri pozulub. Rəsmi İrəvanın bütün istiqamətlərdə təhlükəsizliyini təmin edən Rusiyadan üz döndərməyə cəhd göstərməsi və aşkar şəkildə Qərbyönümlü siyasət ortaya qoyması Kremlin qəzəbinə tuş gələcəyini hər kəs bilirdi".

Xəyal Bəşirovun sözlərinə görə, Ermənistan bu gün birbaşa olaraq Rusiyaya cavab verməyə çəkinir:

"Ona görə də Belarus vasitəsilə bu addımı atırlar. Düşünürəm ki, Ermənistanla Belarus arasındakı münasibətlərin normallaşdırılmasının təşəbbüskarı da məhz İrəvan hakimiyyəti olmalıdır. Amma bunun yaxın zamanda baş verəcəyini gözləmirəm. 

Ən azından Azərbaycanla Ermənistan arasında münasibətlər tam normallaşana və tərəflər arasında sülh müqaviləsi imzalanana qədər bunun baş verməsi inandırıcı deyil. Buna baxmayaraq, gələcəkdə həm Rusiya, həm də Belarusla münasibətlərini normallaşdırması Ermənistanın özünün dövlətçilik maraqlarına xidmət edir".

Pərviz

0