Çin yeni müharibəyə hazırlaşır? - "Tayvanla münaqişə ehtimalı var"

DÜNYA
11:50 / 29.08.2024
365

"Uzaq Şərqdə gərginlik ehtimalı həmişə mövcud olub".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O xatırladıb ki, Çinin Tayvanla bağlı planları var:

"ABŞ isə Tayvanın müstəqilliyini sona qədər qoruyacağına vəd verib. Hətta ABŞ Tayvanla bərabər hərbi təlimlər keçirir. Rəsmi Vaşinqton, Yaponiya, Tayvan və Cənubi Koreyanı silahlandırır. Üstəlik, İkinci Dünya müharibəsindən bəri Yaponiyaya qoyulan silahlanma qadağası da aradan götürülüb. Artıq istədikləri qədər silahlana bilərlər". 

357025

Ekspert əlavə edib ki, Yaponiya bundan sonra kiçik adaların birində hərbi baza quracaq:

"Bütün bunlar isə Uzaq Şərqdə gərginliyin artdığını göstərir. Ümumiyyətlə, ABŞ "birinci müdafiə xətti" adlanan Yaponiya, Tayvan, Cənubi Koreya və Filippindən ibarət zolağı maksimum şəkildə gücləndirməyə çalışır". 

Onun sözlərinə görə, Çin də Rusiya kimi addım ata bilər:

"Nəzərə almaq lazımdır ki, Çinin qarşısında Rusiya nümunəsi var. Rəsmi Pekin Rusiyanın tətbiq olunan sanksiyalara bir müddət daha dözə bildiyini görsə, cəsarətə gələ bilər. Yəni Çin rəsmiləri də iqtisadi sanksiyalara dözə biləcəklərini düşünə bilərlər". 

Turab Rzayev qeyd edib ki, Çin lideri Si Cinpin də tarixə keçmək istəyir:

"Si Cinpinin şəxsi liderlik keyfiyyətləri də burada mühüm rol oynayır. O, Çin tarixinə Tayvanı ölkəsinə birləşdirən lider kimi düşmək istəyir. Üstəlik, bu iddialarını gizlətmir və açıq şəkildə ortaya qoyur. Ona görə də yaxın perspektivdə Çinlə Tayvan arasında münaqişənin və ya müharibənin baş verməsi mümkündür".

Politoloq bildirib ki, bunun nəticəsində dünyada yeni bir münaqişə ocağı yarana bilər:

"Yəqin ki, əsas addımı atacaq tərəf Çin olacaq. Tayvan indiki məqamda bu qarşıdurmaya getməyə çəkinir. Düşünürəm ki, həm Çinə, həm də Rusiyaya belə bir münaqişə lazımdır. Çünki belə bir münaqişənin başlaması Rusiyanın üzərində olan diqqəti dağıtmağa kömək edə bilər". 

Pərviz

0