"Şübhəsiz ki, Bəşər Əsəd rejiminin devrilməsi Suriyada Türkiyənin qələbəsidir".
Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Əsədin devrilməsi nəticəsində Suriyada oyunun qaydaları dəyişdi:
"Beynəlxalq müstəvidə yeni geosiyasi reallıqlar yarandı. Lakin bunu Türkiyənin Rusiya və İran üzərində qələbəsi kimi təqdim etməyin də tərəfdarı deyiləm. Çünki bu, əvvəlcədən Rusiya ilə də razılaşdırıldı. Rusiyanın Suriyada baş verən proseslərə ciddi müdaxilə etməməsi də təsadüfi deyil".
Ekspert qeyd edib ki, buna səbəb Türkiyənin çox düzgün zamanı seçməsidir:
"Ankara başa düşdü ki, artıq Kremlin prioriteti Ukrayna cəbhəsidir. Hətta Rusiya qoşunlarını Suriyadan çıxararaq Ukraynaya yönəldirdi. Türkiyə isə bundan istifadə etdi. Moskva da Suriyadan çəkilməyin qarşılığının bu olduğunu anladı".
Kənan Novruzov hesab edir ki, Rusiya Türkiyə ilə münasibətləri kəskinləşdirməyin tərəfdarı deyil:
"Kreml bunda maraqlı deyil. Nəzərə almaq lazımdır ki, Rusiya Suriyada Türkiyəyə ciddi əngəl yaratmadı. Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin bir-birlərini çox yaxşı başa düşən siyasətçidirlər.
Bu da iki ölkə arasındakı münasibətlərə təsir edir. İndiki məqam Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var, hər iki tərəf də bunu başa düşür. Sadəcə biri digərinə güzəştə gedir. İki ölkə arasındakı münasibətlər isə bundan sonra da inkişaf edəcək".
Pərviz