Tayvan Cənubi Koreyadan adanın şimal sahillərində sualtı rabitə kabelini zədələməkdə şübhəli bilinən Çin gəmisinin fəaliyyətinin araşdırılmasında kömək istəyib.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Tayvanın telekommunikasiya operatoru "Chunghwa Telecom" və Tayvan Sahil Mühafizəsinin məlumatına görə, yanvarın 3-də səhər saatlarında Shunxing39 yük gəmisi adanın şimal sahilindəki Keelunq limanında rabitə kabelini zədələmiş ola bilər.
Gəminin Kamerun bayrağı altında üzməsinə baxmayaraq, Tayvan rəsmiləri onun Honq-Konqda qeydiyyatdan keçmiş "Jie Yang Trading Limited" şirkətinə aid olduğunu bildiriblər. Şirkətin yeganə direktoru materik Çin vətəndaşı Quo Venjiedir.
Operator "Chunghwa Telecom" məlumatların digər beynəlxalq sualtı kabellərə yönləndirilməsi ilə rabitənin dərhal bərpa edildiyini söylədi. Bununla belə, Taypey narahatdır ki, Çin, ölkəni ilhaq etmək üçün hər hansı potensial cəhdə görə Tayvanın xarici kommunikasiyalarını gizli şəkildə kəsə bilər.
"Chunghwa Telecom" və Tayvan hökumətinin nümayəndələri nəşrə bildiriblər ki, cümə günü zədələnmiş kabel Tayvanı ABŞ-ın Qərb Sahili ilə birləşdirən və beynəlxalq konsorsiuma məxsus olan Trans-Sakit Okean Ekspress Kabel Sisteminin (TPE) sualtı internet kabelinin bir hissəsidir. Chunghwa Telecom-dan başqa, onun tərkibinə ABŞ operatoru AT&T, Yaponiyanın NTT, "Korea Telecom" və Çin operatorları "China Telecom" və China Unicom daxildir.
"Kapitanı sorğu-sual edə bilmədiyimiz üçün Cənubi Koreya hakimiyyətlərindən gəminin növbəti təyinat limanında araşdırmaya köməklik göstərməsini xahiş etdik", - Tayvan sahil mühafizəsinin rəsmisi deyib.
Tayvan milli təhlükəsizlik rəsmisi, Shunxing39-un yaxın bir neçə gün ərzində Busana çatmasının gözlənildiyini söylədi. Gəminin avtomatik identifikasiya sisteminin siqnalından, eləcə də peyk məlumatlarından istifadə etməklə əldə edilən məlumatlar göstərdi ki, Shunxing39 kabel qırıldığı yerdə lövbərini qaldırıb.
Samir