Polşa prezidenti Anjey Duda bildirib ki, Ukraynada sülh razılaşması əldə etmək üçün hər iki tərəf güzəştə getməlidir.
HİT.az-ın məlumatına görə, "Euronews" telekanalına müsahibəsində o qeyd edib ki, heç bir tərəf özünü qalib hesab etməməlidir və sülh müqaviləsi kompromis və çox güman uzunmüddətli olacaq.
"Ukrayna da müəyyən dərəcədə təslim olmağa məcbur olacaq. Nə dərəcədə? İndiki mərhələdə bunu demək mənim üçün çətindir" deyə Duda bildirib.
Polşa prezidenti vurğulayıb ki, yalnız belə qarşılıqlı geri çəkilmə davamlı sülhə gətirib çıxara bilər. Eyni zamanda o, ABŞ və onun prezidenti Donald Trampın münaqişənin həllində əsas rolunu vurğulayıb.
Bir gün əvvəl, aprelin 23-də Londonda ABŞ, Avropa ölkələri və Ukrayna nümayəndə heyətlərinin görüşü baş tutmalı idi. Lakin danışıqlardan bir gün əvvəl dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff Londona səfərlərini ləğv ediblər. Onların nümunəsini Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri izləyiblər. Ona görə də görüş ekspertlər səviyyəsində baş tutub. Danışıqlar başlamazdan əvvəl Ukrayna hakimiyyəti Krımdan imtina etmək imkanını açıq şəkildə rədd edib. Buna ABŞ prezidenti cavab verib ki, bu, sülh danışıqlarına zərbə vurub.
Samir