Bill Qeytsdən 200 milyard dollarlıq qərar: Var-dövlətini 2045-ci ilədə xərcləyəcək

DÜNYA
23:50 / 09.05.2025
42

"Microsoft" şirkətinin həmtəsisçilərindən biri, milyarder xeyriyyəçi Bill Qeyts dünya üzrə xeyriyyəçilik fəaliyyəti ilə tanınan "Gates Fondu"nun qarşıdakı 20 ildə bütün resurslarını istifadə edərək fəaliyyətini dayandıracağını bəyan edib. 

Qaynarinfo xəbər verir ki, Qeyts bir daha öz sərvətinin 99 faizini fonda bağışlayacağını bildirib və növbəti 20 ildə fondun 200 milyard dollardan çox vəsait xərcləyəcəyini açıqlayıb.

"Techcrunch" nəşrinin məlumatına görə, Qeyts bu qərarı şəxsi bir dönüm nöqtəsində verdiyini vurğulayıb: "Bu il fondun 25 illiyi ilə üst-üstə düşür, atamın isə 100 illiyi olacaq. "Microsoft" 50 yaşına çatır, mən isə oktyabrda 70 yaşımı qeyd edəcəyəm. Bütün bunlar məni düşündürdü".

Fonddan əvvəl ölüm yox, 2045 planı

Əvvəllər fondun Bill Qeytsin ölümündən 20 il sonra bağlanması nəzərdə tutulurdu. Lakin sağlam vəziyyətdə olan 69 yaşlı Qeyts bu təqvimi irəli çəkib. Yeni plana əsasən, fond 2045-ci ilə qədər hər il təxminən 9 milyard dollar xərcləyəcək, bütün var-dövlətini bu müddətdə sərf edəcək və fəaliyyətini dayandıracaq.

Bu qərarla birlikdə Qeytsin bağışı ABŞ tarixindəki ikinci ən böyük şəxsi bağış kimi qeydə alınacaq. Birinci yerdə isə sərvəti 160 milyard dolları keçən Uorren Baffettin bağışı yer alır.

100 milyard dollarlıq qlobal təsir

2000-ci ildə təsis olunan "Gates Fondu" bu günə qədər səhiyyə, təhsil, qlobal inkişaf və gender bərabərliyi kimi sahələrə yönəlik 100 milyard dollardan çox vəsait xərcləyib. Fond xüsusilə aşağı gəlirli ölkələrdə sıtma kimi ölümcül xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayıb, peyvəndlərin hazırlanması və yayılmasında isə həlledici mövqeyə sahib olub.

Fondun əsas fəaliyyəti sırasına Afrikada malyariya ilə mübarizə, uşaq iflicinin demək olar ki, tamamilə aradan qaldırılması, yoxsul ölkələrdə təhsilə çıxış imkanlarının artırılması və qadın sağlamlığına yönəlik proqramlar daxildir.

ABŞ hökumətinin son illərdə xarici yardımlarda etdiyi ixtisarlara baxmayaraq, "Gates Fondu" bu sahəyə yatırımlarını artırmaqdadır. ABŞ-ın rəsmi inkişaf agentliyi USAID hər il təxminən 35 milyard dollar xərclədiyi halda, "Gates Fondu" illik 9 milyard dollarlıq büdcəsi ilə vətəndaş cəmiyyətinin ən güclü iştirakçılarından biri olaraq qalır.
 

0