ABŞ-İran danışıqları: Atəşkəs davam edəcək?

DÜNYA
12:40 / 20.04.2026
162

“Son günlərdə ABŞ ilə İran arasında Hörmüz boğazı ilə bağlı yenidən gərginlik yaranmasına baxmayaraq, danışıqların davam edəcəyini düşünürəm”.

Bu sözləri Azad Vətən Partiyası sədrinin müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.

O, tərəflər arasındakı son gərginliyin yeni müharibəyə səbəb olmayacağını proqnozlaşdırır:


“Düzdür, son günlərdə İranın Hörmüz boğazını bağlamasının, ABŞ-nin boğazı blokadaya almasının və qarşılıqlı gəmilərin vurulmasının şahidi olduq. Lakin bütün bu hadisələrdə tərəflərin bir-birinə ciddi cavablar vermədiyini də gördük. Faktiki olaraq, danışıqlar davam edərkən yeni müharibə riski yaradacaq addımlardan yayındılar. 


ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı havaya uçurmaqla, körpülərini vurmaqla təhdidi, eləcə də SEPAH-ın da sərt bəyanatlarına rəğmən iki ölkə arasında ciddi hərbi gərginlik yaşanmadı. Bu isə həm Vaşinqton, həm də Tehranın atəşkəsi uzatmaq istəyindən xəbər verir. Əks halda, müharibəyə yenidən başlamaq üçün asanlıqla bəhanə tapa bilərdirlər”.

Ekspert hesab edir ki, Pakistanda danışıqların ikinci raundu da baş tutacaq:
“Əslində, görüşlə bağlı hər iki tərəfdən ziddiyyətli bəyanatlar verilir. Lakin görüşün keçirilmə ehtimalı yüksəkdir. Bu, bəlkə də 22 apreldə baş çatacaq atəşkəsdən əvvəl son diplomatik fürsətdir. İndiki vəziyyətdə isə tərəflərin bu fürsətdən imtina edəcəyi inandırıcı görünmür. 

Nəzərə almaq lazımdır ki, 40 gün davam edən müharibə hər iki tərəfə çox ciddi iqtisadi ziyan vurdu. Bu səbəbdən də belə qısa zamanda danışıqlardan imtina edib, yenidən savaşa başlamaq məntiqli görünmür. Düşünürəm ki, hazırkı şəraitdə yekun sülh müqaviləsinin imzalanmasından danışmaq üçün hələ tezdir. Ən böyük ehtimal isə atəşkəsin yenidən uzadılmasıdır”.

Həmsöhbətimizin sözlərinə görə, atəşkəs müddəti bir neçə həftə uzadıla bilər:
“Bu müddət hər iki ölkə üçün Hörmüz boğazı krizini həll etmək üçün lazımdır. Görünən odur ki, bir çox məsələdə razılıq əldə oluna bilər. Davam edən prosesdə tərəflərin qarşılıqlı güzəştlərə gedəcəyi təqdirdə isə yekun sülh sazişinin imzalanma ehtimalı var. Nəzərə almaq lazımdır ki, Donald Trampın mayda Çinə səfər edəcəyi açıqlanıb.

Deməli, Ağ Ev sözügedən səfərə qədər İran məsələsini həll etmək istəyir. Çünki Trampın Çin səfəri məhz İran müharibəsinin başlamasından sonra təxirə salınmışdı. Bu isə o deməkdir ki, ABŞ lideri bu məsələni həll etdikdən sonra digər işlərinə fokuslanmağı düşünür”.

Afiq Axundov sözlərini belə yekunlaşdırıb:
“Məncə, 22 apreldən sonra genişmiqyaslı müharibə olmayacaq. Daha dəqiq desək, ABŞ İrana qarşı yeni əməliyyatlara başlamayacaq. Lakin yekun sülhün də əldə olunma ehtimalı çox aşağıdır. Tərəflər indiki vəziyyətdə müharibə və ya sülh deyil, atəşkəs rejiminin uzadılması, eləcə də danışıqların davam etdirilməsindən yanadırlar”.

Elmir Mustafa

0