SSRİ-nin "superaviadaşıyıcı" layihəsi niyə uğursuz oldu?

DÜNYA
15:51 / 20.04.2026
54

Sovet İttifaqı Soyuq müharibənin son mərhələsində ABŞ-ın iri aviadaşıyıcılarına rəqib ola biləcək nüvə mühərrikli “superaviadaşıyıcı” yaratmağa cəhd edib, lakin layihə gəmi dənizə buraxılmadan yarımçıq qalıb. Söhbət “Ulyanovsk” aviadaşıyıcısından gedir. SSRİ-nin dağılmasından cəmi altı ay sonra gəmi metal qırıntı kimi kəsilərək sökülüb.

HİT.az xəbər verir ki, bu barədə "19FortyFive" yazır.

1143.7 layihəsi SSRİ tarixində ilk tamhüquqlu nüvə aviadaşıyıcısının inşasını nəzərdə tuturdu. Gəminin ABŞ-ın “Nimitz” sinfi və daha yeni “Gerald R. Ford” sinfi aviadaşıyıcılarına cavab olması planlaşdırılırdı.

Layihəyə görə, gəmi təxminən 80 min tonluq yerdəyişməyə malik olmalı, dörd nüvə reaktoru və buxar katapultları ilə təchiz edilməli idi. Göyərtədə Su-33, MiQ-29K qırıcıları, Ka-27 helikopterləri və Yak-44 uzaqməsafəli radiolokasiya təyyarələri yerləşdirilməli idi.

Bundan əvvəl SSRİ “Kiyev” və “Admiral Kuznetsov” kimi tramplinli hibrid aviadaşıyıcılarla kifayətlənirdi. Lakin bu yanaşma ABŞ-ın aviadaşıyıcı qrupları ilə müqayisədə zəif sayılırdı.

Yeni yanaşmanın formalaşmasında admiral Sergey Qorşkovun təsiri böyük olub. O, tamhüquqlu “superavianosets” inşasının tərəfdarı idi.

“Ulyanovsk” gəmisinin tikintisinə 1988-ci ildə Ukraynanın Nikolayev şəhərində yerləşən Qara dəniz gəmiqayırma zavodunda başlanılıb. 1991-ci ilə qədər hazırlaşma səviyyəsi təxminən 20–40 faiz qiymətləndirilirdi.

SSRİ-nin dağılmasından sonra layihə ciddi maliyyə və təşkilati problemlərlə üzləşdi: gəmi artıq müstəqil Ukrayna ərazisində tikilir, maliyyəni isə Rusiya qarşılayırdı. Lakin hər iki tərəfin layihəni tamamlamaq üçün resursu yox idi.

1992-ci ildə tikinti tam dayandırılıb və gəminin korpusu metal qırıntı kimi satılıb. Müqaviləyə əsasən, aviadaşıyıcı yarım ildən az müddətdə sökülərək utilizasiya olunub. Alıcının ABŞ şirkəti olduğu bildirilir, bəzi Rusiya mənbələri isə onun Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) üçün örtük ola biləcəyini iddia etsə də, bunu təsdiqləyən sübut yoxdur.

“Ulyanovsk”un hekayəsi postsovet dövrün simvolik nümunələrindən birinə çevrilib. SSRİ-nin dağılmasından sonra Rusiya gəmiqayırma güclərinin, konstruktor bürolarının və elmi kadrların əhəmiyyətli hissəsini itirib.

Samir

0