ABŞ İranla müharibəyə 56 milyard dollar pul xərcləyib

DÜNYA
14:51 / 20.04.2026
52

“Iran War Cost Tracker” portalının məlumatına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının ümumi dəyəri 55,9 milyard dollar təşkil edib.

HİT.az xəbər verir ki, məlumata əsasən, əməliyyatın başlamasından 50 gün keçib və bu müddət ərzində xərclər göstərilən səviyyəyə çatıb.

Portal real vaxt rejimində xərcləri izləyərək bölgəyə göndərilən hərbi personalın, gəmilərin saxlanması və digər əməliyyat xərclərini hesablayır. Hesablama metodikası Pentaqonun Konqresə təqdim etdiyi hesabatlara əsaslanır. Həmin sənəddə qeyd olunur ki, əməliyyatın ilk altı günü 11,3 milyard dollara başa gəlib, daha sonrakı mərhələdə isə gündəlik xərclər təxminən 1 milyard dollar təşkil edir.

18 apreldə İranın “Hatəm əl-Ənbiya” mərkəzi komandanlığının rəsmi nümayəndəsi Ebrahim Zolfəqari bildirib ki, ABŞ-ın təkrar pozuntuları və blokada adı altında həyata keçirilən “piratlıq” hallarına görə Tehran Hörmüz boğazı üzərində sərt hərbi nəzarəti bərpa edib.

11 apreldə ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə danışıqlar aparılıb. Görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların yumşaldılması və regionda döyüşlərin dayandırılması məsələləri müzakirə olunub.

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton öz “qırmızı xətlərini” aydın şəkildə müəyyən edib, lakin Tehran ABŞ-ın şərtləri ilə razılaşmayıb.

Samir

0