“Son günlərdə ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın görüşəcəyi iddia olunur. Lakin bunun reallaşacağını zənn etmirəm”.
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, indiki məqamda Pezeşkian və Tramp arasında görüşün keçirilməsi qeyri-realdır:
“Çünki iki ölkə arasında nisbi atəşkəs olsa da, aparılan danışıqlarda bir dalana dirənmə prosesi var. Hətta İran tərəfi danışıqlara qatılmayacaqlarını bildirir. Böyük ehtimalla, İslamabadda görüş diplomatik nümayəndələr arasında keçiriləcək. Lakin real döyüş təhlükəsi və fikir ayrılıqları bu qədər qabarıq ikən hansısa yüksək səviyyəli görüşdən danışmaq mümkün deyil”.
Ekspert yaxın zamanda belə bir görüşün keçirilməsini gözləmir:
“Belə gərgin vəziyyətdə ABŞ və İran liderlərinin görüşəcəyi inandırıcı deyil. Ona görə də iddia olunduğu kimi yaxın zamanda Trampla Pezeşkianın görüşəcəyini düşünmürəm”.
Politoloq birgə bəyanat iddiası barədə də danışıb:
“Əslində, ABŞ və İranın birgə bəyanat verməsi üçün mütləq şəkildə liderlərin bir araya gəlməsi lazım deyil. Bunu diplomatik nümayəndələrlə də edə bilərlər. Məsələn, liderlərin harada görüşə biləcəkləri barədə sual yarana bilər. İran Qətər və Omanı vurduğu üçün bu ölkələr alınmayacaq.
Sadəcə Türkiyə və ya hanısa Avropa ölkəsi liderlərin görüşünə ev sahibliyi edə bilər. Hərçənd ki, Pezeşkian qəbul etsə belə, Trampın görüşə gələcəyini zənn etmirəm. Hətta indiki vəziyyətdə görüş olsa belə narazılıqla bitər. Bütün bunların fonunda tezliklə Tramp və Pezeşkian arasında görüşün baş tutması mümkün deyil”.
Elmir Mustafa



