ABŞ artıq bir həftədən çoxdur ki, Seula Şimali Koreya ilə bağlı gündəlik kəşfiyyat hesabatlarını təqdim etmir. Bu qərarın səbəbi kimi Cənubi Koreyanın birləşmə naziri Çon Don Yonun ABŞ-a məxsus məxfi məlumatları açıqlaması göstərilir. Məlumat hakim Demokratik Partiyadan yüksək vəzifəli mənbəyə istinadən verilib.
HİT.az xəbər verir ki, bu barədə "Hankyoreh" yazıb.
Mənbənin sözlərinə görə, Vaşinqton və Seul arasında “ciddi problem” yaranıb və bu məsələ təcili həll tələb edir. Əvvəllər ABŞ hər həftə Cənubi Koreyaya KXDR ilə bağlı 50–100 səhifəlik kəşfiyyat materialları təqdim edirdi, lakin son bir həftə ərzində bu məlumatlar ötürülmür.
Məqalədə bildirilir ki, vəziyyətin əsas səbəblərindən biri mart ayında Çon Don Yonun parlamentdə verdiyi açıqlama olub. Nazir açıq şəkildə bəyan edib ki, uranın zənginləşdirilməsi obyektləri təkcə məlum Yonbyon və Kanson ərazilərində deyil, həm də Kuson rayonunda mövcuddur. Bu, Seulun Kusonda nüvə infrastrukturu olduğunu ilk rəsmi təsdiqi hesab olunur.
"Hankyoreh"in mənbəsinə görə, Çon tərəfindən açıqlanan məlumatlar son dərəcə həssas və mühümdür. Belə ki, bu məlumatlar Şimali Koreyaya ABŞ-ın casus peyklərinin orbitlərini müəyyən etməyə, dinləmə şəbəkələrini aşkar etməyə və onları sıradan çıxarmağa və ya dezinformasiya yaymağa imkan verə bilər.
Bundan əlavə, ABŞ hakim partiyanın BMT Komandanlığının demilitarizasiya olunmuş zonaya girişə nəzarət səlahiyyətlərinin Birləşmə Nazirliyinə verilməsi ilə bağlı qanun layihəsindən narazıdır. Həmçinin, ABŞ tərəfi Koreyada yerləşən Amerika qüvvələrinin komandanının Sarı dənizdə Çin qırıcıları ilə bağlı insidentə görə guya Cənubi Koreya hərbçilərindən “üzr istəməsi” barədə yayılan xəbərləri də mənfi qarşılayıb.
Samir


