Kəsici dronların modernləşdirilməsi sürətlənib - FT son yeniliklərdən yazdı

DÜNYA
20:17 / 20.04.2026
48

Ukraynada kəsici pilotsuz uçuş aparatlarının modernləşdirilməsi son dərəcə sürətlə gedir və artıq bu sistemlər müharibənin gedişinə ciddi təsir göstərir. Hazırda Kiyevdə adi zirzəmilərdə yerləşən operatorlar uzaqdan idarəetmə vasitəsilə yüzlərlə kilometr məsafədə olan Rusiya istehsalı "Shahed" zərbə dronlarını vururlar.

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Süni intellektin inteqrasiyası

Nəşr bildirir ki, ötən il döyüş istifadəsinə verilmiş "Bagnet" adlı kəsici dron bu sahədə mühüm yeniliklərdən biridir. Digər hərbçilər tərəfindən buraxıldıqdan sonra süni intellekt əsaslı proqram təminatı hədəfi – Rusiya dronunu müəyyən edir və kəsicini ona istiqamətləndirir.

Məlumata görə, "Bagnet" Fransa startapı "Alta Ares" tərəfindən hazırlanmış istiqamətləndirmə sistemi ilə təchiz olunub. Bu sistem hədəfi aşkar edərək uçuşun son mərhələsində dronu ona yönəldə bilir. Digər Ukrayna və xarici şirkətlər də oxşar texnologiyalar üzərində işləyir.

Qeyd olunur ki, bu tip dronlar Rusiya zərbə PUA-larına qarşı effektiv vasitəyə çevrilib. Lakin ilk nəsil pilotsuz aparatların uçuş müddəti məhdud idi və radio tezliklərdə işlədiyindən operatorlar hədəfə yaxın qalmalı olurdu ki, bu da onları risk altına salırdı.

Uzaqdan idarəetmənin inkişafı

Bu problemləri aradan qaldırmaq üçün kəsici dronlar təkmilləşdirilib. Artıq qorunan internet bağlantısı vasitəsilə operatorlar dronları yüzlərlə, hətta minlərlə kilometr məsafədən idarə edə bilir. "Wild Hornets" şirkəti bu həftə bildirib ki, onun "Sting" adlı kəsici dronu Ukraynanın şimalında uçuş həyata keçirərkən pilot ölkə xaricində, təxminən 2000 km məsafədə olub.

Məqalədə qeyd olunur ki, Ukrayna qüvvələri oxşar texnologiyalardan Rusiya arxa cəbhəsinə zərbələr endirmək üçün də istifadə edir. Cəbhə xəttinə yaxın ərazilərdə isə daha böyük kvadrokopterlər və robotlar "Starlink" internet terminalları vasitəsilə idarə olunaraq sursat çatdırılması və yaralıların təxliyəsi üçün istifadə edilir.

Bununla belə, kiçik kvadrokopterlər üçün uzaqdan idarəetmə hələ geniş tətbiq olunmur. Analitiklər hesab edir ki, bu texnologiyanın kütləvi tətbiqi Ukraynadakı kadr çatışmazlığını azalda və cəbhə xəttinə yaxın fəaliyyət göstərən dron operatorlarının həyatını qoruya bilər.

Hazırda Ukraynada istehsal olunan kəsici dronların sayı onları idarə edən pilotların sayını üstələyir. "Dignitas" təşkilatının həmtəsisçisi Lyuba Şipoviç bildirib ki, ötən yay vəziyyət kritik idi: kifayət qədər dron istehsal olunsa da, onları idarə edəcək ekipaj çatışmırdı. Onun sözlərinə görə, gələcəkdə az sayda yüksək ixtisaslı operator yeraltı məntəqələrdən çoxsaylı dronları idarə edə bilər.

Ekspertlər vurğulayır ki, bu dronlar Ukraynanın çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin yalnız bir hissəsidir. Hərbçi Yevgen Lesin qeyd edib ki, hücumların böyük hissəsi pulemyotlar, zenit artilleriyası, kəsici dronlar və radioelektron mübarizə vasitələri ilə qarşılanır, daha sonra isə qırıcı təyyarələr və zenit raketləri qalan hədəfləri məhv edir.

Son məlumatlara görə, Ukrayna yaxın zamanda suüstü platformadan buraxılan kəsici dron vasitəsilə zərbə PUA-sını ilk dəfə məhv edib. Bu, dəniz və hava pilotsuz sistemlərinin inteqrasiyasında yeni mərhələ kimi qiymətləndirilir.

Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə bu dronların dünyanın istənilən nöqtəsindən idarə olunması mümkün olacaq. Artıq hazırda onların effektivliyi hava şəraiti və pilot bacarıqlarından asılı olaraq 80–100 faiz arasında dəyişir.

Samir

0