ABŞ ilə İran arasında danışıqların davam etdirilməsinə qərar verilib.
Tərəflər yenidən Pakistanda bir araya gələcəklər. İslamabadda keçiriləcək görüşün sabah səhər saatlarında baş tutacağı deyilir. Görüşün ikinci raundunda razılaşma əldə olunub-olunmayacağı maraqla gözlənilir. Bəzi ekspertlər hesab edirlər ki, iki ölkə arasındakı atəşkəsin müddəti yenidən uzadılacaq. Bəziləri isə ABŞ ilə İranın birgə bəyanat verəcəyini düşünür.
Bəs ikinci görüşdən əsas gözləntilər nələrdir?
Siyasi şərhçi Ülviyyə Zülfiqar Hit.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında keçiriləcək ikinci raund danışıqlardan əsas gözlənti tərəflərin mövqelərini bir qədər də yaxınlaşdırması və ən azı texniki səviyyədə razılaşma elementlərinin formalaşmasıdır:
“Birinci raund adətən daha çox mövqelərin təqdimatı və “qırmızı xətlərin” müəyyənləşdirilməsi ilə yadda qalır, ikinci raund isə artıq konkret mexanizmlərin müzakirəsinə keçid mərhələsi sayılır. Bu baxımdan, xüsusilə nüvə proqramı, sanksiyaların mərhələli şəkildə yumşaldılması və regional təhlükəsizlik məsələləri üzrə ilkin çərçivə razılaşmasının konturları müzakirə oluna bilər. Lakin tərəflər arasında dərin etimad çatışmazlığı hələ də əsas maneə olaraq qalır”.
Ekspert tərəflər arasında birgə bəyanatın imzalanması ehtimalından da danışıb:
“Bəyanat imzalanması ehtimalı nəzəri olaraq mövcuddur, amma bu, daha çox siyasi jest xarakteri daşıya bilər. Yəni genişmiqyaslı sazişdən çox qısa bəyanat gözləmək daha realdır. Çünki həm Vaşinqton, həm də Tehran daxili siyasi faktorları nəzərə alaraq böyük öhdəliklər götürməkdən çəkinir. Ona görə də ikinci raundun əsas nəticəsi konkret razılaşmadan çox, prosesin davamlılığının təmin olunması və növbəti mərhələyə keçid üçün zəminin hazırlanması ola bilər”.
Elmir Mustafa



