“Ermənistanda Baş nazir Nikol Paşinyan rəqiblərinə qarşı da siyasət yeridir, imkan daxilində onları cəzalandırır və neytrallaşdırır”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Paşinyanın əsas rəqiblərindən biri də Robert Köçəryandır:
“Lakin indi ön plana Samvel Karapetyan keçib. Paşinyan Karapetyana qarşı hansısa cəza tədbirlərindən çəkinmədi. Nəticədə, adıçəkilən siyasətçi Rusiya tərəfindən açıq şəkildə dəstəklənsə də, həbs olundu, sonradan ev dustaqlığına buraxıldı. Hərçənd ki, ona da təzyiqlər yenə də davam etdirilir.
Həmçinin, Qaqik Tsarukyanla bağlı da proseslər gedir. Artıq onun evində axtarış aparıblar və fəaliyyətini yoxlayırlar. Görünür, o da həbs olunacaq. Təbii ki, Köçəryanı da həbs etmək üçün kifayət qədər sübutlar var. Sadəcə olaraq, onun həbsi üçün doğru məqam gözlənilir”.
Siyasətçi hesab edir ki, Köçəryan da tezliklə həbs olunacaq:
“Hazırda Ermənistan hakimiyyəti bu həbsə cəmiyyətin və Rusiyanın necə reaksiya verəcəyini analiz edir. Yəni hər şeyi ölçüb-biçin doğru məqamda bu addımı atmaq istəyirlər. Bundan başqa, Köçəryan həbs olunandan sonra onun Azərbaycana göndərilməsi ilə bağlı da kifayət qədər əsaslar var”.
Partiya sədri vurğulayıb ki, Azərbaycan istər Robert Köçəryan, istər Serj Sarkisyan, istərsə də Seyran Ohanyanın ekstradisiyasını tələb etməlidir:
“Hansı ki, onların özlərinin işlədikləri cinayətlərlə bağlı etirafları var. Ölkəmiz bununla bağlı həm Ermənistan rəhbərliyinə faktları göndərməli, həm də beyləxalq ictimaiyyətə həqiqətləri çatdırmalıdır. Nəticədə, adıçəkilən canilər törətdikləri əməllərə görə məhkəmə qarşısında cavab verməli və cəzalandırılmalıdırlar”.
Akif Nağı diqqətə çatdırıb ki, Köçəryan, Sarkisyan və Ohanyan Azərbaycana təhvil verilə bilər:
“Beynəlxalq hüquq buna icazə verir. Məncə, ölkəmizdə də onlarla bağlı müəyyən işlər gedir. Düşünürəm ki, Sarkisyan, Köçəryan və Ohanyan kimi canilərin ölkəmizə göndərilməsi çox mühümdür və bu istiqamətdə işlər sürətləndirilməlidir.
Üstəlik, Ermənistan hakimiyyəti də Azərbaycanın haqlı tələblərini qəbul etməyə məcburdur. Yəni bu istiqamətdə işlər nə qədər intensivləşərsə, nəticəsi də bir o qədər tez olar. Reallıq budur ki, adıçəkilən canilərin Azərbaycana göndərilməsi həm mümkün, həm də vacibdir”.
Elmir Mustafa



