Tramp Türkiyəyə gedir: F-35 problemi həll olur?

DÜNYA
13:38 / 06.07.2026
237

Sabah Türkiyədə NATO-nun 36-cı sammiti keçiriləcək.

Sammitə ABŞ Prezidenti Donald Tramp da qatılacaq. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankaraya gedəcəyini açıqlayıb. Gündəmdə bir çox mövzu olsa da, ABŞ liderinin Türkiyəyə gedəcək olması daha çox diqqət çəkir. Türk mediasında yer alan xəbərlərə əsasən, səfər çərçivəsində F-35 qırıcılarının Türkiyəyə verilməsi də müzakirə predmeti ola və illərdir gözlənilən müsbət qərar verilə bilər. 

Artıq günlərdir bu barədə xəbərlər tirajlanır. Faktiki olaraq, Ərdoğan-Tramp görüşündə CAATSA sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması və digər müdafiə layihələrini müzakirə ediləcəyi proqnozlaşdırılır.

Siyasi şərhçi Pərviz Mirizadə Hit.az-a açıqlamasında bildirib ki, F-35 problemi Türkiyə və ABŞ arasında uzun müddətdir həllini gözləyən məsələlər sırasında öndə qərarlaşır:


“Qardaş Türkiyə F-35 proqramının keçmiş üzvü kimi layihənin, ümumiyyətlə, döyüş platformasının istehsalında ciddi əmək sərf edən dövlətlərdən biri idi. Hətta Vaşinqton və Ankara arasında bəlli bir sayda döyüş təyyarəsinin alınması ilə bağlı müqavilə və müqavilə çərçivəsində ödənişlər də edilmişdi. 

Lakin Türkiyənin haqlı səbəblər doğrultusunda Rusiyadan S-400 HHM sistemləri əldə etməsi sözügedən prosesdə münasibətləri dəyişdi və qardaş ölkə proqramdan çıxarıldı, paralel olaraq ödənişini etdiyi təyyarələr Ankaraya təhvil verilmədi. Bununla bağlı tərəflərin çoxsaylı təşəbbüsləri və danışıqları olsa da, görüntü etibarilə proses dalana dirənmiş vəziyyətdədir”.

Ekspert qeyd edib ki, son zamanlar Tramp tərəfindən F-35 məsələsi yenidən gündəmə gətirilir, ancaq senatda yəhudi və yunan diasporasına yaxınlığı ilə bilinən senatorlar, eləcə də diaspor nümayəndələri fəal şəkildə təyyarələrin satışını əngəlləyirlər:
“Yəni, situasiya hərbi sferadan çıxıb və tamamilə siyasi xarakter alıb. İndi isə diqqətlər Trampın NATO sammiti çərçivəsində Türkiyə səfərinə və iki ölkə liderlərinin təmaslarına yönəlib.

Türkiyənin son hərbi-siyasi dinamika fonunda regionda oynadığı rolu və Donald Trampla Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlərini də göz önünə gətirdikdə ikilinin müəyyən razılaşmalara gəlmək ehtimalı yaxın görünür. Buna rəğmən, qısamüddətli perspektivdə  Türkiyənin çoxdandır gözlədiyi F-35 təyyarələrinə qovuşması hələlik inandırıcı deyil”.

Lakin həmsöhbətimiz sözügedən satışın gələcək perspektivdə baş tutacağını düşünür:
“Hazırda bununla bağlı ilkin şərtlər və siyasi əngəllər hələ də mövcuddur və prosesi ləngidir. Ancaq uzunmüddətli perspektivə nəzər salsaq, bu məsələdə nikbinəm. Hesab edirəm ki, Vaşinqtonun Türkiyə və Yunanıstan arasında güc balansını tarazlamaq üçün bu satışa yaşıl işıq yandıracağı gözləniləndir. Təbii ki, burada əsas məqam məhz zaman və regional siyasətdə razılaşdırılacaq məsələlərdir”.

Elmir Mustafa

0