Niderlandın avtomobil yolları olmayan Gitxorn kəndi hər il yüz minlərlə turistin diqqətini cəlb edir.
HİT.az xəbər verir ki, bu barədə "Observator" nəşri məlumat yayıb.
Ölkənin Overeyssel əyalətində, Amsterdamdan təxminən 120 kilometr məsafədə yerləşən Gitxorn kəndinin tarixi hissəsində avtomobil yolları yoxdur. Burada küçələrin yerini yaşayış evlərini, restoranları, bağları və digər obyektləri bir-biri ilə birləşdirən kanallar tutur. Piyadaların hərəkəti üçün isə kiçik adaları birləşdirən 170-dən çox taxta körpü inşa edilib.
Məlumata görə, bu qeyri-adi landşaft əsrlər əvvəl torf hasilatı nəticəsində formalaşıb. Sonradan yaranan su hövzələri kanallara çevrilərək kəndin əsas nəqliyyat marşrutları olub. Turizm mütəxəssisləri hesab edirlər ki, məhz bu özünəməxsus xüsusiyyət Gitxornu Niderlandın ən maraqlı və sakit istirahət məkanlarından birinə çevirib.
Kəndə gələn turistlər üçün ən populyar fəaliyyət su gəzintiləridir. Ziyarətçilər əsasən elektrik mühərrikli qayıqlar icarəyə götürərək qədim fermer evlərini, baxımlı bağları və suyun üzərinə əyilən söyüd ağaclarını seyr edirlər. Ekoloji nəqliyyatdan istifadə sayəsində kənddə demək olar ki, tam sükut hökm sürür. Bundan əlavə, qonaqlar kayak, kanoe və ya sapbord da icarəyə götürə bilərlər.
Jurnalistlərin qeyd etdiyi kimi, "De Verribben-Viden" Milli Parkının ərazisində yerləşən kəndin ətrafı vəhşi təbiət həvəskarları üçün də cəlbedicidir. Burada çoxlu sayda quş növü, o cümlədən nadir növlər yaşayır. Turistlər su marşrutları ilə yanaşı, göllər, bataqlıqlar və yaşıl təbiət mənzərələri boyunca uzanan piyada və velosiped yollarından da istifadə edə bilərlər.
Gitxorna ən rahat şəkildə Amsterdamdan qatarla Stenveyk şəhərinə, oradan isə avtobusla çatmaq mümkündür. Avtomobillə səfər təxminən bir saat yarım çəkir. Lakin nəqliyyat vasitələri xüsusi dayanacaqda saxlanılmalıdır, çünki kəndin tarixi hissəsinə avtomobillərin girişi qadağandır.
Təxminən 2 800 nəfərin yaşadığı Gitxorn kəndini hər il təxminən bir milyon turist ziyarət edir.
Samir


