Paşinyan ilk səfərini Rusiyaya etdi – NİYƏ?

DÜNYA
11:00 / 07.07.2026
226

“Ermənistanın yenidən seçilmiş Baş naziri Nikol Paşinyanın gözlənilmədən ilk səfərini Rusiyaya etməsi çoxlarını təəccübləndirib”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, indi Ermənistanın tərkibində yer aldığı camiədə üzünü Qərbə çevirmiş Paşinyanın belə bir addımın atılması nəyə xidmət etdiyi barədə düşünürlər:


“Bu suala dərhal cavab vermək olar ki, onun bu addımı yalnız siyasətə xidmət edir. Görünür, bu, Paşinyanın öz düşüncəsinin məhsulu deyil. Axı, çoxdandır bu adam qərbli sponsorlarının göstərişi ilə oturub-durur. Bir şeyi nəzərə almaq lazımdır ki, Nikol Paşinyan Rusiyaya Ermənistanın mənafeyi və özünün gələcək strategiyası üçün gedib.

Belə ki, Rusiyanı “özündən çıxarmağa” hələlik lüzum yoxdur. Bu gün Ermənistan bir an içərisində Rusiyadan əlini üzsə, onda Paşinyanın nəinki özü, bütövlükdə hakimiyyəti siyasi səhnədən qovula bilər”.

Ekspert diqqətə çatdırıb ki, Ermənistan əhalisinin böyük bir hissəsinin dolanışığı Rusiyadandır:
“Bunu birdən-birə itirmək olduqca təhlükəlidir. Üstəlik, Ermənistan iqtisadiyyatının bir sıra həlledici sahələri Rusiyanın nəzarətindədir. Bəlkə də sözdə bu ifadələr asan görünə bilər, lakin hüquqi cəhətdən müqavilələrlə təsbit edilmiş bu kimi məsələlər olduqca ciddi asılılıq yaradır və müqavilə bitməmiş bu asılılıqdan qurtarmaq, mümkün deyil, hətta nəticəsi çox ağrılı ola bilər. Rusiyanın Gümrüdəki hərbi bazasının varlığını da ermənilər daim “qulaqlarında sırğa” etməlidirlər”.

Həmsöhbətimiz qeyd edib ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşməyəcək:
“Çünki onu Rusiyaya “siyasi müzakirəyə” dəvət etməyiblər. Yekaterinburqda təşkil olunmuş sənaye sərgisi də Nikolun bu ölkəyə səfəri üçün bir bəhanədir. Belə ki, Rusiyanın Baş naziri Misuştin sərgi çərçivəsində Paşinyanla görüşəcək və Putinin adından ona Kremlin şərtlərini diktə edəcək.

Heç şübhəsiz, Paşinyan Yekaterinburqda verəcəyi hər hansı vədlərin xeyli hissəsini İrəvana qayıdanda unudacaq. Amma seçkidən sonra ilk səfərini Rusiyaya etməyini əlində bayraq edib, müxalifətin “gözünə soxmağa” çalışacaq. Paşinyan və onun başbilənləri yaxşı anlayırlar ki, Kremlin Ukraynaya qarşı apardığı təcavüzkar müharibə Rusiyanı gündən-günə geri salır”.

Novruz Novruzov hesab edir ki, Putin hazırda Ermənistana və ya qeyri bir ölkəyə qarşı silahlı müdaxiləyə getməz:
“Buna görə də “bəli, baş üstə” ifadələri ilə manipulyasiya edib, əl altdan öz işini görür. Artıq Qərb Ermənistandadır. Putin bunu anlasa da, ciddi addımlar atmağa gücü çatmır. 

Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərində qalib gəldikdən sonra ilk səfərini Rusiyaya etməsi formal müttəfiqlik aksiyasıdır və zorən atılmış addımdır. Bu ilin sonuna qədər bu cür müttəfiqliyin necə “solub-saralmağı” aydın görünəcək”.

Elmir Mustafa

0