NASA-nın "Hubble" kosmik teleskopu Böyük Magellan Buludunda yerləşən "LH 95" adlı ulduz yaranma bölgəsinin yeni görüntüsünü əldə edib. Astronomlar burada minlərlə gənc ulduz aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri yazıb.
Şəkildə qırmızı hidrogen buludlarının fonunda parlaq mavi və ağ ulduzlar görünür. Alimlərin sözlərinə görə, qırmızı parıltı hidrogen qazının şüalanması nəticəsində yaranır və bu, bölgədə yeni ulduzların aktiv şəkildə formalaşdığını göstərir.
Görüntüdə həmçinin sıx toz buludlarının yaratdığı tünd zolaqlar da müşahidə olunur. Bu toz buludları hələlik iri kütləli ulduzların güclü şüalanmasının təsiri ilə tam dağılmayıb.
Tədqiqatçılar "LH 95" bölgəsində təxminən 2 500 gənc ulduz müəyyən ediblər. Bu ulduzlar artıq kütlələrinin demək olar ki, hamısını toplayıblar, lakin nüvələrində termonüvə reaksiyaları hələ başlamayıb.
Alimlər bildirirlər ki, həmin ulduzlar öz cazibə qüvvələrinin təsiri altında sıxılmağa davam edir və ətraflarında yerləşən qaz və toz disklərindən maddə toplamağı sürdürürlər.
Araşdırmanın nəticələrinə əsasən, bu proses əvvəllər güman ediləndən daha uzun müddət davam edir. Ulduzlar yaşlandıqca ətraf mühitdən daha az maddə qəbul etsələr də, bu proses milyonlarla il davam edə bilər.
Mütəxəssislərin sözlərinə görə, "LH 95" bölgəsindəki ən böyük ulduzun kütləsi Günəşdən təxminən 60–70 dəfə çoxdur. Maraqlıdır ki, bu ulduz qonşuluğundakı əksər ulduzlardan təxminən bir milyon il cavandır. Bölgədəki digər ulduzların yaşı isə təxminən 4 milyon il hesab edilir.
Qeyd edək ki, daha əvvəl "Space" nəşri NASA-nın təxminən 22 ildir Yer orbitində fəaliyyət göstərən "Swift" kosmik teleskopunu xilas etmək üçün xüsusi əməliyyat hazırladığını yazmışdı. Teleskop hazırda orbitini tədricən itirərək Yer atmosferinin yuxarı qatlarına yaxınlaşır. Onun əsas üstünlüyü yeni radiasiya mənbələrinə çox qısa müddətdə istiqamətlənə bilməsidir.
Samir


