Qədim “hobbit”lərin çətin sağ qalma mübarizəsi üzə çıxdı

DÜNYA
14:19 / 07.07.2026
57

İndoneziyanın Flores adasında yaşamış və kiçik bədən quruluşuna görə “hobbit” ləqəbi ilə tanınan "Homo floresiensis" növünün qidalanma vərdişləri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər hesab edirlər ki, bu qədim insanlar əvvəllər düşünüldüyü kimi bacarıqlı ovçular deyil, yırtıcı heyvanların ov qalıqları ilə qidalanan leşyeyənlər olublar.

HİT.az xəbər verir ki, Smithsonian İnsan Mənşəyi Proqramının və beynəlxalq tədqiqatçılar qrupunun həyata keçirdiyi araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində nəsli kəsilmiş kiçik fil növü olan "Stegodon florensis insularis"ə aid fosillər öyrənilib. Araşdırma göstərib ki, "Homo floresiensis" fərdləri qida əldə etmək üçün Komodo əjdahalarının ov etməsini gözləyiblər.

Alimlərin qənaətinə görə, qədim insanlar yırtıcıların ovladığı steqodonların əsasən baş, boyun və ayaq kimi az ətli qalıqlarını istehlak ediblər. Fosillər üzərində aparılan analizlər zamanı Komodo əjdahalarının diş izlərinin sümüklərin daha ətli hissələrində, insan alətlərinin izlərinin isə əsasən uclarda aşkar edilməsi bu ehtimalı gücləndirir.

Araşdırma zamanı Liang Bua mağarasında oddan istifadə ilə bağlı əvvəlki fikirlər də yenidən qiymətləndirilib. Mütəxəssislər mağarada tapılan 10 mindən çox artefaktı araşdıraraq yanğın izlərinin "Homo floresiensis"ə deyil, onların məhv olmasından minilliklər sonra bölgədə məskunlaşan müasir insanlara – "Homo sapiens"ə aid olduğunu müəyyən ediblər.

Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr "Homo floresiensis"in oddan istifadə etmədiyini və onların düşündüyümüzdən daha sadə, ağır şəraitdə yaşam uğrunda mübarizə apardığını göstərir.

Samir
 

0