Sanksiyalar işləmir: Aİ ölkəsi Rusiya neftindən milyardlarla dollar qazanır

DÜNYA
18:00 / 07.07.2026
47

G7 ölkələri Kremlin "qara qızıl"dan əldə etdiyi gəlirləri məhdudlaşdırmağa çalışdığı bir vaxtda, Yunanıstanın gəmiçilik şirkətləri son üç il ərzində Rusiya neftinin daşınmasından ən azı 3,8 milyard dollar qazanıb.

HİT.az xəbər verir ki, "Financial Times"ın məlumatına görə, bu hesablamalara yalnız qiymət məlumatları mövcud olan əsas daşınma marşrutları daxil edilib. Söhbət Yunanıstan tanker şirkətləri tərəfindən daşınan 389 milyon barel neftdən gedir. Daha 153 milyon barel (təxminən 40 faiz əlavə həcm) üzrə qiymət məlumatları olmadığı üçün hesablamalara daxil edilməyib.

Söhbət "Dynacom Tankers", "Stealth Maritime" və "Onassis Group" kimi beynəlxalq daşıyıcılardan gedir.

Yunan gəmi sahiblərinin Rusiya neftinin daşınmasındakı rolu Afina və Kiyev arasında gərginlik mənbəyi olub. "Dynacom" da daxil olmaqla bir neçə Yunan tanker şirkəti 2023-cü ildə Ukrayna tərəfindən "müharibənin beynəlxalq sponsorları" siyahısına daxil edilib, lakin daha sonra Yunanıstan hökumətinin təzyiqi nəticəsində siyahıdan çıxarılıb.

Yunanıstanlı gəmi sahibləri sənayedə risklərə ən dözümlü şirkətlərdən biri kimi tanınırlar.

"Dynacom" şirkəti ABŞ-ın İranla müharibəsinin başladığı 28 fevral tarixindən etibarən Hörmüz boğazında ən fəal fəaliyyət göstərən gəmiçilik şirkətlərindən biri olub.

May ayında Rusiyanın xam neft ixracının təxminən 15 faizi Yunanıstan şirkətləri tərəfindən daşınıb.

Tacirlər Rusiya xam neftinin daşınmasına Qərb məhdudiyyətləri tətbiq olunmayan ölkələrin nefti ilə müqayisədə təxminən 30-40 faiz daha çox ödəniş edirlər.

G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət limiti 2022-ci ilin dekabrında qüvvəyə minib. Həmin vaxtdan etibarən Qərb operatorlarına Rusiya neftinin daşınması və nəqli xidmətlərini yalnız qiymət G7 kvotasına bərabər və ya ondan aşağı olduqda göstərməyə icazə verilir.

Hazırda bu hədd bir barel üçün 44,1 dollar təşkil edir. Lakin keçmiş sanksiya rəsmiləri və hüquqşünasların sözlərinə görə, bu məhdudiyyətlərə nəzarət ən yaxşı halda qeyri-bərabər həyata keçirilib.

Gəmi sahibləri daşıdıqları yükün qiymətinin limitdən aşağı olduğunu təsdiqləyən sənəd təqdim etməlidirlər. Lakin gəmiçilik şirkətləri çox vaxt ya gəmini icarəyə götürən tərəfin, ya da Rusiya təchizatçısının verdiyi məlumata əsaslanırlar.

Aİ diplomatlarının bildirdiyinə görə, Yunanıstan və Kipr hökumətləri qapalı görüşlərdə dəfələrlə qiymət məhdudiyyətlərinə qarşı çıxıblar.

Bununla belə, bəzi Yunan tanker şirkətləri Rusiya nefti ticarətindən geri çəkilib. "TMS Tankers" və "Thenamaris" şirkətləri 2023-cü ilin sonunda ABŞ-ın Türkiyə və BƏƏ-dəki dəniz operatorlarına Rusiya yüklərinin müəyyən edilmiş qiymətdən baha daşınması ilə bağlı sanksiyalar elan etməsindən sonra Rusiya nefti daşımalarını əhəmiyyətli dərəcədə azaldıblar.

Bir neçə Yunan gəmiçilik şirkəti də ABŞ-ın 2025-ci ilin oktyabrında "Rosneft" və "Lukoyl"a qarşı tətbiq etdiyi sanksiyalardan sonra Rusiya ilə ticarətdən imtina edib.

"Dynacom" şirkəti bildirib ki, "elektrik xərcləri, yanacaq qiymətləri və sonrakı inflyasiya təzyiqi Yunan gəmiçiliyinin töhfəsi sayəsində yumşaldılıb".

"Rusiya nefti hökumətlər sistemdəki açıq boşluqları aradan qaldıra bilmədiyi üçün Kremlə milyardlarla dollar qazandırmağa davam edir. Yunanıstan hökuməti dəfələrlə sanksiyaların gücləndirilməsi və sülh məsələlərindən daha çox öz gəmiçilik sənayesinin maraqlarını üstün tutub", deyə "Razom We Stand" təşkilatının təsisçisi Svitlana Romanko bildirib.

Samir

0