Ukraynada müharibənin beşinci ilində, NATO sammiti ərəfəsində Rusiya diktatoru Vladimir Putin karyerasının ən qeyri-sabit vəziyyətlərindən birindədir.
HİT.az-ın məlumatına görə, CNN-in köşə yazarı Nik Peyton Uolş yazır ki, bu vəziyyətdə əsas sual Putinin Alyansı sınağa çəkməyə cəsarət edib-etməyəcəyidir.
Müəllif xatırladıb ki, müharibə fonunda Putinin reytinqləri ciddi şəkildə aşağı düşüb, Rusiya iqtisadiyyatı isə zəifləməkdə davam edir. Eyni zamanda, Ukrayna Rusiyanın uzaq ərazilərindəki hədəflərə, xüsusilə neft emalı zavodlarına qarşı zərbə kampaniyasına başlayıb.
Bu səbəbdən, Uolşun fikrincə, Putin qərar verməli olacaq: Ukraynaya və NATO ölkələrindən olan müttəfiqlərə qarşı eskalasiyanı artırmaq, yoxsa geri çəkilmək.
Rusiyanın Avropada "yeni cəbhə" aça biləcəyi ilə bağlı narahatlıqlar uzun müddətdir səsləndirilir. Müəllif hesab edir ki, bunun əsas səbəbi Putinin Ukraynada tez qələbə qazanacağı ilə bağlı səhv hesablamasıdır.
Bundan əlavə, bu vəziyyət göstərir ki, Rusiya lideri gələcəkdə də yanlış qərarlar qəbul edə bilər.
Rusiyadakı vəziyyət iki fərqli aspektdən qiymətləndirilir. Bir tərəfdən, yanacaq böhranı fonunda itkilər, Çindən asılılıq, əsgər çatışmazlığı və İran, eləcə də Şimali Koreya rejimlərindən hərbi yardım almaq zərurəti mövcuddur.
Digər tərəfdən isə zavodların hərbi ehtiyaclara uyğunlaşdırılması, cəmiyyətdə, o cümlədən məktəblərdə müharibə təbliğatının gücləndirilməsi və rəsmi olaraq ÜDM-in 7 faizinə çatan, faktiki olaraq isə büdcə gəlirlərinin təxminən yarısına yaxınlaşan yüksək hərbi xərclər diqqət çəkir.
Məqalədə qeyd olunur: "Belə bir vəziyyətdə Putinin həmişə qarşı çıxdığı düşmən - NATO ilə daha genişmiqyaslı münaqişə Moskvanın Ukraynada tədricən çıxılmaz vəziyyətə düşməsini izah edə bilərdi. Eyni zamanda, Rusiyada tammiqyaslı səfərbərliyə haqq qazandıra bilərdi. Putin nəhayət bunun daha kiçik qonşu ölkəyə qarşı qeyri-müəyyən işğal cəhdi deyil, postsovet dünyasının mövcudluğu uğrunda ekzistensial mübarizə olduğunu bəyan edə bilərdi".
Müəllif hesab edir ki, Alyans ölkələrinin yenidən silahlanma prosesini tam başa çatdırmaması və bəzi dövlətlərin hələ də büdcə məsələlərində mübahisə etməsi Rusiyanın qarşıdurmaya cəhd göstərməsi üçün əlverişli şərait yaradır.
"Beləliklə, dilemma ondan ibarətdir ki, Putin hazırda qazana bilmədiyi Ukrayna müharibəsində iştirak etməklə özünü daha təhlükəsiz hiss edir, yoxsa məğlubiyyətini əsaslandıra biləcəyi NATO ilə müharibədə?", deyə məqalədə vurğulanır.
Bununla yanaşı, müəllif əlavə edib ki, Putinin əsas vəzifəsi vəziyyəti sabitsizləşdirmək üçün mexanizm tapmaq olacaq. Lakin o, transatlantik münasibətlərdə qətiyyətin real sınağına səbəb olacaq həddə çatmaq istəməyə bilər.
Samir


