NASA alimləri gələcəkdə Ay və Marsa göndəriləcək ekipajların hansı çətinliklərlə üzləşə biləcəyini öyrənmək məqsədilə bu eksperimenti keçirməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "HotNews.ro" məlumat yayıb.
Məlumata görə, NASA uzaq kosmik missiyanın simulyasiyasını 2027-ci ilin avqust ayından tez olmayaraq həyata keçirməyi nəzərdə tutur. Layihə çərçivəsində ABŞ-ın Hyuston şəhərində yerləşən Conson adına Kosmik Mərkəz bir il ərzində "Moon and Mars Exploration Analog" simulyasiyasında iştirak edəcək könüllüləri qəbul edəcək.
Eksperiment həmçinin agentliyin "Moon Base" layihəsi çərçivəsində Ayda daimi insan mövcudluğunun təmin edilməsi planlarının və gələcək "Artemida" missiyalarının hazırlanmasına kömək edə bilər.
Nəşr xatırladıb ki, ötən ay NASA gələcək "Artemida-III" missiyası üçün seçilmiş astronavtların adlarını açıqlayıb. 2027-ci ildə həyata keçiriləcək həmin missiya Yerətrafı orbitdə kosmik gəmilərin birləşdirilməsinin nümayişini nəzərdə tutur. Bu missiya zamanı "SpaceX" və "Blue Origin" şirkətlərinin hazırladığı Ay eniş modulları ilk dəfə kosmosda sınaqdan keçiriləcək.
Nəşrin məlumatına görə, təcrid olunmuş şəraitdə həyatın simulyasiyası iki ayrı yaşayış modulunda keçiriləcək. NASA iştirakçıların xarici dünya ilə müəyyən vaxtlarda əlaqə saxlaya bilib-bilməyəcəklərini açıqlamayıb.
Bununla yanaşı, namizədlər üçün fiziki və təhsil tələbləri müəyyən edilib. İştirakçılar bir neçə gün davam edəcək seçim mərhələsindən keçməli, o cümlədən psixoloji qiymətləndirmədən uğurla keçməlidirlər.
Eksperimentdə ABŞ vətəndaşları və ya ölkədə daimi yaşamaq və işləmək hüququ verən "yaşıl kart" sahibləri iştirak edə bilərlər.
Elanın mətnində qeyd olunur:
"Kandidatlar unikal və maraqlı təcrübələrə böyük maraq göstərməli, həmçinin Ay səthində uzunmüddətli qalmağa hazırlıq və Marsa ilk pilotlu missiyanın həyata keçirilməsi istiqamətində NASA-nın fəaliyyətinə töhfə vermək üçün motivasiyalı olmalıdırlar".
Samir


