Yer orbitində peyklərin sayının sürətlə artması kosmik məkanın idarə olunması ilə bağlı yeni çağırışlar yaradır.
HİT.az xəbər verir ki, "Interesting Engineering" nəşrinin yazdığına görə, aşağı Yer orbiti artıq sərbəst magistraldan daha çox yüklənmiş və tənzimlənməyən yol qovşağını xatırladır.
Hazırda Yer səthindən 2 min kilometrədək yüksəklikdə yerləşən orbitdə 14 mindən çox peyk fəaliyyət göstərir və onların sayı sürətlə artır. Mütəxəssisləri narahat edən təkcə peyklərin toqquşma ehtimalı deyil. Onlar hesab edirlər ki, aşağı Yer orbitinin həddindən artıq yüklənməsi atmosferin təbii təmizlənmə proseslərinə və astronomik müşahidələrə də mənfi təsir göstərə bilər.
Avropa Cənub Rəsədxanasının apardığı araşdırmaya əsasən, hazırda planlaşdırılan bütün peyk layihələri həyata keçirilərsə, orbitdə təxminən 1,7 milyon obyekt yerləşə bilər. Halbuki müasir astronomiyanın normal fəaliyyətini qorumaq üçün aşağı Yer orbitində 100 minədək zəif işıq saçan peykin olması məqsədəuyğun hesab edilir.
Problemi yalnız yeni buraxılışlar yaratmır. Massaçusetts Texnologiya İnstitutunun (MIT) 2025-ci ildə apardığı araşdırma göstərib ki, istixana qazı emissiyaları atmosferin yuxarı qatlarının xüsusiyyətlərini dəyişdirərək aşağı Yer orbitində təhlükəsiz şəkildə saxlanıla biləcək peyklərin sayını azalda bilər.
Alimlərin izahına görə, termosfer adlanan atmosfer qatında yaranan müqavimət istismar müddəti başa çatmış peyklərin və kosmik tullantıların tədricən atmosferə daxil olaraq yanmasına kömək edir. Müqavimətin zəifləməsi isə kosmik tullantıların orbitdə daha uzun müddət qalmasına və nəticədə toqquşma riskinin artmasına səbəb ola bilər.
Məqalədə vurğulanır ki, orbit artıq boş məkan deyil, qlobal infrastrukturun mühüm hissəsidir. Müdafiə sistemləri, bank əməliyyatları, "GPS" naviqasiyası, internet rabitəsi, hava proqnozları, təbii fəlakətlərə operativ reaksiya və iqlim monitorinqi peyk sistemlərindən asılıdır.
Bununla belə, hazırda aşağı Yer orbitində neçə peykin yerləşdirilə biləcəyini, onların parlaqlıq səviyyəsini və şirkətlərin ümumi riskləri necə nəzərə almalı olduğunu müəyyən edən vahid beynəlxalq qurum mövcud deyil.
Müəlliflər hesab edirlər ki, bir ölkədə fəaliyyət göstərən şirkətin peyk layihəsi bütün dünyada astronomlara, ekosistemlərə, digər peyk operatorlarına və gecə səmasının müşahidəsinə təsir göstərə bilər. Onların fikrincə, orbitdən təhlükəsiz istifadəni təmin etmək üçün beynəlxalq koordinasiya, peyklərin parlaqlığına məhdudiyyətlər, kosmik tullantıların idarə olunması, utilizasiya qaydaları və aşağı Yer orbitinin tutumu ilə bağlı ümumi planlaşdırma mexanizmlərinin hazırlanması zəruridir.
Qeyd olunur ki, 2026-cı ilin iyun ayına olan məlumata əsasən, "SpaceX" şirkəti ümumilikdə 15 262 peyk orbitə çıxarıb. Bu göstərici bütün digər şirkət və dövlətlərin birlikdə buraxdığı 15 138 peyki üstələyir.
Samir


