Ukrayna Rusiya ilə müharibənin başa çatdırılması ilə bağlı konkret sülh planının irəli sürülməsindən imtina edərək, Kremlə təzyiqin artırılmasına əsaslanan yeni strategiyaya keçir.
HİT.az xəbər verir ki, "New York Post" nəşrinin Ukrayna və Avropa rəsmilərinə istinadən yaydığı məlumata görə, Prezident Volodimir Zelenski iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə məhz bu yanaşma ilə yollanır.
Nəşrin məlumatına görə, Ukrayna daha əvvəl ABŞ tərəfindən dəstəklənən və Moskva ilə danışıqların əsas mövzularından biri olmuş 28 bəndlik sülh sazişi layihəsinin müzakirəsindən uzaqlaşıb.
Ukraynalı rəsmilərin sözlərinə görə, hazırda nə ABŞ–Ukrayna–Rusiya formatında üçtərəfli sammitin hazırlanması, nə də yeni sülh sənədi üzrə strukturlaşdırılmış danışıqlar aparılır.
Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina bildirib ki, cəbhədə vəziyyətin dəyişməsi Kiyevə müharibənin başa çatdırılması ilə bağlı yanaşmasını yenidən nəzərdən keçirməyə imkan verib.
Onun sözlərinə görə, döyüş meydanında əldə olunan irəliləyiş Ukraynaya müharibənin dayandırılması yolları barədə daha yaradıcı düşünmək imkanı yaradır.
Ukrayna hakimiyyəti hesab edir ki, müharibənin başa çatmasının əsas şərti Moskva üzərində təzyiq balansının dəyişdirilməsi olmalıdır, köhnə sülh təşəbbüsləri ətrafında yeni danışıqlar deyil.
Olqa Stefanişina qeyd edib ki, atəşkəs mütləq şəkildə vahid sülh planı ətrafında sonsuz müzakirələrin nəticəsi kimi yaranmamalıdır və hadisələrin inkişafı üçün başqa yollar da mövcuddur.
Onun sözlərinə görə, Zelenski və Tramp NATO sammiti zamanı məhz bu imkanları müzakirə etməyi planlaşdırırlar.
Ukrayna rəsmiləri hesab edirlər ki, son vaxtlar ABŞ Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq niyyətində olmamasından getdikcə daha çox məyus olur.
Səfir bildirib ki, Ukrayna hər zaman ciddi diplomatik dialoqa hazır olub və ədalətli, uzunmüddətli sülhə sadiq qalır. Lakin onun sözlərinə görə, Rusiya rəhbərliyi müharibəni dayandırmaqda real maraq nümayiş etdirməyib.
Nəşrin yazdığına görə, Tramp administrasiyasında da Moskvanın ciddi danışıqlar aparmadığı barədə qənaət getdikcə güclənir.
Adı açıqlanmayan ukraynalı rəsmi bildirib ki, Vaşinqton artıq Rusiyanın müharibənin dayandırılması ilə bağlı hər hansı planın müzakirəsində real iştirak etdiyini görmür.
Onun fikrincə, diqqət Kremlin mövqeyini dəyişməyə məcbur edə biləcək yeni təzyiq taktikasına yönəldilməlidir.
Donald Tramp NATO sammiti ərəfəsində müharibənin başa çatmasının düşündüyündən daha yaxın ola biləcəyini bildirib.
"Mən düşünürəm ki, buna nail olacağıq. Düşünürəm ki, bu müharibəni dayandıracağıq. Bu, dəhşətli vəziyyətdir", deyə ABŞ Prezidenti bildirib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens də qeyd edib ki, Rusiyanın hücum əməliyyatları əvvəlki dinamikasını demək olar ki, tamamilə itirib.
Onun sözlərinə görə, Rusiya üçün hücum əməliyyatlarını davam etdirməyin faydası artıq çox aşağı səviyyəyə enib və demək olar ki, sıfıra yaxınlaşır.
Müharibənin başa çatdırılması məsələsi ilə yanaşı, Volodimir Zelenski Donald Trampı Ukraynanın gələcək Avropa təhlükəsizlik sisteminin mühüm elementi olduğuna inandırmağa çalışacaq.
Olqa Stefanişina bildirib ki, Ukrayna artıq bu gün müdafiə sahəsində bir çox müttəfiqdən daha çox iş görür.
Onun sözlərinə görə, Donald Tramp illərdir NATO ölkələrinin müdafiə xərclərini artırmasını tələb edir. Bu vaxt Ukrayna dövlət büdcəsinin 63 faizini müdafiəyə ayırır, Avropanın ən güclü ordusuna malikdir və Alyans üçün həyati əhəmiyyət daşıyan müasir müharibə təcrübəsinə sahibdir.
Səfir əlavə edib ki, Ukrayna NATO-nun gələcək təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazırdır və hesab edir ki, artıq nə NATO-nun, nə də qlobal təhlükəsizliyin Ukraynasız mümkün olması təsəvvür edilə bilməz.
Xatırladaq ki, NATO sammiti 7–8 iyul 2026-cı il tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilir. ABŞ Prezidenti Donald Trampın Avropadakı Amerika hərbi iştirakını azaltmaq niyyəti fonunda müttəfiqlər "NATO 3.0" kimi xarakterizə olunan yeni təhlükəsizlik modelini müzakirə edirlər.
Sammit çərçivəsində Donald Tramp və Volodimir Zelenski arasında görüşün keçirilməsi nəzərdə tutulur. "Bloomberg" agentliyinin məlumatına görə, Zelenski ABŞ ilə pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq sazişinin imzalanmasını təxirə salıb ki, bu da onun Ukraynanın mövqeyinə daha çox əmin olduğunu göstərir.
Bununla yanaşı, "CNN" telekanalı yazır ki, Donald Tramp NATO sammitinə pis əhval-ruhiyyədə yollanıb və ABŞ rəsmiləri Ankaradakı görüşlərin problemsiz keçəcəyinə tam əmin olmadıqlarını bildiriblər.
Samir

