Finlandiya Prezidenti: "Ukrayna artıq qalib gəlib"

DÜNYA
14:34 / 08.07.2026
47

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukrayna Rusiya ilə müharibədə artıq qələbə qazanıb. Bununla yanaşı, o vurğulayıb ki, Kiyev xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün NATO müttəfiqlərinin əlavə dəstəyinə hələ də ciddi ehtiyac duyur.

HİT.az xəbər verir ki,  Stubb bu fikirləri Ankarada keçirilən NATO sammiti çərçivəsində "CNBC" telekanalına müsahibəsində səsləndirib.

Finlandiya Prezidenti qeyd edib ki, Ukrayna Moskvanın dörd ildən artıq davam edən genişmiqyaslı işğalına baxmayaraq, öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlaya bilib:

"Məsələyə Moskvanın baxış bucağından nəzər salın. Son dörd il ərzində, aktiv müharibə şəraitində onlar cəmi 60 kilometr irəliləyə biliblər. İkinci Dünya müharibəsi zamanı isə Moskva ilə Berlin arasında 1 400 kilometr məsafə qət etmişdilər. Buna görə də sual yaranır: kim qalib gəlib, kim uduzub? Mən hesab edirəm ki, qalib Ukraynadır".

O əlavə edib ki, Alyansın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyi ilə ayrılmaz şəkildə bağlıdır:

"Mənim əsas mesajım budur ki, bəli, Avropa səylərini artırmalıdır. Amma bilin ki, Ukraynanın NATO-ya ehtiyacı olduğu qədər, NATO-nun da Ukraynaya ehtiyacı var".

Stubb xatırladıb ki, ötən il NATO liderləri ABŞ-nin uzunmüddətli çağırışları və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi fonunda müdafiə xərclərinin 2035-ci ilədək ÜDM-in 2 faizindən 5 faizinə çatdırılması barədə razılığa gəliblər.

Onun sözlərinə görə, bu razılaşma tarixi əhəmiyyət daşıyır və Ankaradakı sammitin uğuru müttəfiqlərin üzərlərinə götürdükləri öhdəlikləri nə dərəcədə yerinə yetirəcəkləri ilə qiymətləndiriləcək:

"Məhz buna görə biz NATO 3.0-dan danışırıq. Məhz buna görə məsuliyyətin ABŞ-dən Avropaya daha çox ötürülməsini müzakirə edirik. Və buna görə də daha güclü NATO çərçivəsində daha güclü Avropadan danışırıq".

O qeyd edib ki, Avropa müttəfiqləri Vaşinqtonun öz müdafiələrinə görə daha böyük məsuliyyət daşımaq çağırışını aydın şəkildə eşidiblər:

"Amerikalılar bizə açıq şəkildə dedilər: öz müdafiəniz üçün daha çox məsuliyyət daşıyın. Bu, həm müharibə dövrünə, həm böhran vəziyyətlərinə, həm də sülh dövrünə və planlaşdırmaya aiddir. Hazırda məhz bunun üzərində işləyirik".

Bununla yanaşı, o bildirib ki, Ukraynanın xüsusilə hava hücumundan müdafiə sahəsində geniş hərbi yardıma ehtiyacı davam edir:

"Bununla bağlı həddindən artıq sevinməyə dəyməz. Çünki Zelenskinin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var və biz Ukraynaya məhz bu istiqamətdə mümkün qədər çox dəstək verməliyik".

İsveçin Baş naziri Ulf Kristersson da oxşar mövqe sərgiləyib.

"Rusiya Ukraynaya qarşı müharibədə qələbə qazanmır, bu tamamilə aydındır. Ukrayna təsirli nəticələr nümayiş etdirir. Rusiya bu müharibəni başlanğıcda planlaşdırdığı kimi aparmır".

Onun sözlərinə görə, hazırda əsas sual vaxtın kimin xeyrinə işləməsidir. Baş nazir hesab edir ki, Rusiya Avropanın müharibədən və bunun yaratdığı maliyyə yükündən yorulacağına, diqqətini başqa problemlərə yönəldəcəyinə və ya təzyiqlərə boyun əyəcəyinə ümid edir.

Samir

0