Ankarada keçirilən NATO Sammiti Alyansın gələcəyi üçün dönüş nöqtəsi ola bilər. ABŞ Prezidenti Donald Trampın Avropadakı hərbi mövcudluğu azaltmaq planları fonunda müttəfiqlər getdikcə daha çox "NATO 3.0" adlandırılan yeni təhlükəsizlik modelini müzakirə edirlər.
HİT.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Avropa paytaxtları artıq etiraf edirlər ki, gələcəkdə müdafiə sahəsində daha çox öz imkanlarına arxalanmalı olacaqlar. Bununla yanaşı, onlar ABŞ-ni əsas müttəfiq kimi saxlamağa çalışırlar.
Tramp administrasiyası dəfələrlə bəyan edib ki, ABŞ hərbi qüvvələrinin və resurslarının bir hissəsini Avropadan Hind-Sakit okean regionuna və Yaxın Şərqə yönəltmək niyyətindədir. Vaşinqton bu bölgələrdə əsas strateji çağırışın Çin olduğunu hesab edir.
Bu səbəbdən Avropa ölkələri Alyansın yeni modelinə keçidi mümkün qədər ağrısız həyata keçirməyə çalışırlar. NATO-nun baş katibi Mark Rütte islahatların əsas ideyasını belə ifadə edib: "Biz NATO 3.0 konsepsiyasına yeni nəfəs verəcəyik: daha güclü NATO daxilində daha güclü Avropa".
Bununla belə, Avropa rəsmiləri yaxın illərdə ABŞ qoşunlarının və yüksək texnologiyalı imkanlarının Avropada azalacağını, Vaşinqtonun müttəfiqləri müdafiə etmək öhdəliyi ilə bağlı sualların isə qalacağını bildirirlər.
Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, NATO inkişafının üçüncü mərhələsinə qədəm qoyur. Onun sözlərinə görə, "NATO 1.0" Sovet İttifaqının təhdidinə qarşı müdafiə modeli idi, "NATO 2.0" isə Soyuq müharibədən sonrakı dövrdə öz rolunu müəyyənləşdirməyə çalışırdı. "NATO 3.0" isə Avropanın adi silahlı qüvvələr üzrə müdafiənin əsas yükünü öz üzərinə götürdüyü, ABŞ-nin isə okeanın o tayındakı əsas müttəfiq rolunu qoruduğu model olacaq.
Nazirin fikrincə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi, Çinin artan hərbi ambisiyaları və ABŞ-nin dəyişən prioritetləri bu transformasiyanı qaçılmaz edir.
Almaniya rəsmiləri və NATO nümayəndələrinin qiymətləndirmələrinə görə, Rusiya 2029-cu ilə qədər hərbi potensialını NATO ilə mümkün qarşıdurmaya hazır vəziyyətə çatdıra bilər. Bu səbəbdən Avropa ölkələri müdafiə xərclərinin artırılması və silahlı qüvvələrin sürətlə yenidən silahlandırılması istiqamətində artan təzyiqlə üzləşirlər.
Gözlənilir ki, sammitdə ABŞ müttəfiqlərdən 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq barədə razılaşmanın yerinə yetirilməsini yenidən tələb edəcək.
Sammitin əsas gündəm mövzularından biri Ukraynaya dəstəyin davam etdirilməsi olacaq. NATO ölkələrinin hərbi yardımı davam etdirmək niyyətini təsdiqləyəcəyi, ABŞ-nin iştirakı olmadan müttəfiqlərin bu və gələn il ərzində təxminən 80 milyard dollar ayıracağı gözlənilir.
Ukrayna Prezidenti Volodimir Zelenski də tədbirdə iştirak edərək, Rusiyanın kütləvi hücumları fonunda ölkəsinin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə çağırış edəcək.
Ekspertlər bildirirlər ki, siyasi bəyanatlara baxmayaraq, Avropa orduları hələlik ABŞ hərbi iştirakının azalmasını tam kompensasiya edə biləcək səviyyədə deyil.
Əsas problemlər arasında şəxsi heyətin çatışmazlığı, məhdud müdafiə büdcələri və Amerika texnologiyalarından asılılıq göstərilir. Bu asılılıq xüsusilə uzaqmənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, peyk kəşfiyyatı, havada yanacaq doldurma imkanları və digər strateji sahələrdə özünü göstərir.
"Marşall" Almaniya Fondunun eksperti Klaudiya Meycor bildirib: "ABŞ-nin rolunun dəyişdiyi artıq aydındır. Əsas məqsəd mümkün itkiləri idarə etmək və proqnozlaşdırıla bilənliyi təmin etməkdir. Bu dəyişiklikləri formalaşdırmaq mümkündür, lakin onların qarşısını almaq mümkün deyil".
NATO-da hesab edirlər ki, Avropa daha güclü olsa da, strateji çəkindirmənin əsas elementləri hələ də ABŞ-dən asılı olaraq qalır. Pentaqonun keçmiş rəsmisi Metyu Kreniq bildirib: "Hətta NATO 3.0 modelində belə ABŞ liderliyinə, onun yüksək texnoloji imkanlarına, nüvə çəkindirmə potensialına və Avropadakı kifayət qədər sayda Amerika hərbçisinə ehtiyac qalacaq".
Ekspertlər həmçinin vurğulayırlar ki, NATO-nun hazırkı komanda strukturu ABŞ-li Ali Baş Komandan üzərində qurulub və bunun üçün tam formalaşmış Avropa alternativi hələ mövcud deyil.
Qeyd edək ki, NATO Sammiti 7–8 iyul tarixlərində Ankarada keçirilir. Birinci gün müdafiə sənayesi forumu və dövlət başçılarının şam yeməyi təşkil olunub, əsas plenar iclas və yekun qərarların isə iyulun 8-də qəbul edilməsi planlaşdırılır.
Samir


