Yaponiyada son günlər müşahidə olunan ekstremal istilər heyvanlara da ciddi təsir göstərib. Paytaxt Tokiodakı "Tama" zooparkında saxlanılan üç şir günvurma nəticəsində tələf olub.
HİT.az xəbər verir ki, Tokio Şəhər Administrasiyasının məlumatına görə, Hino rayonunda yerləşən "Tama" zooparkında mühafizə altında saxlanılan 16 şirdən üçü həddindən artıq isti hava səbəbindən həyatını itirib.
Zoopark rəhbərliyi bildirib ki, ilk olaraq iyulun 18-də iki şirdə iştahasızlıq əlamətləri müşahidə olunub. İyulun 22-dək isə ümumilikdə 10 şir oxşar simptomlarla müalicəyə cəlb edilib.
İyulun 23-dən etibarən ziyarətçilərin şirləri görməsi müvəqqəti dayandırılıb, dərman müalicəsi ilə yanaşı heyvanların sərin saxlanılması üçün əlavə tədbirlər görülüb. Buna baxmayaraq, üç şirin həyatını xilas etmək mümkün olmayıb.
Aparılan müayinələr zamanı heyvanlarda ağır susuzlaşma və çoxsaylı orqan çatışmazlığı müəyyən edilib.
Yaponiyada iyulun ortalarından etibarən hökm sürən isti hava dalğası ölkə üzrə gündəlik həyata mənfi təsir göstərib.
Bu yay ölkədə qeydə alınan ən yüksək temperatur iyulun 23-də Şidzuoka prefekturasının Hamamatsu şəhərinin Sakuma bölgəsində ölçülüb və 41,1 dərəcə təşkil edib. Bir çox bölgədə isə termometrlər 40 dərəcədən yuxarı temperatur göstərib.
Samir


