NATO-nun döyüş əməliyyatları üzrə komandanlıq və nəzarət prosesi ABŞ-ın "Palantir" texnologiya korporasiyasının süni intellekt (Al) və məlumatların emalı sistemlərinin köməyi ilə həyata keçirilir.
HİT.az xəbər verir ki, bu barədə NATO-nun Transformasiya üzrə komandanı admiral Pyer Vandye bildirib, onun sözlərini "Politico" yayıb.
"İttifaqın "Palantir"in döyüş süni intellekti texnologiyalarına heç bir real alternativi yoxdur", deyə Vandye qeyd edib.
Bununla yanaşı, NATO-da çalışan anonim mənbə "Politico"ya admiralın ABŞ süni intellekt sistemindən istifadə ilə bağlı açıqlamasını izah edib. Onun sözlərinə görə, bu sistem "peyk görüntülərinin böyük massivlərini emal etmək, onların arasında hədəfi müəyyənləşdirmək, zərbə üçün silah seçimi ilə bağlı tövsiyələr vermək, nə qədər sursat tələb olunacağını hesablamaq və sursat ehtiyatlarının artırılması üçün sifarişi avtomatik şəkildə formalaşdırmaq" kimi analoqu olmayan imkanlara malikdir.
İyulun əvvəlində Britaniyanın "The Times" nəşri yazmışdı ki, "Palantir" şirkəti tərəfindən hazırlanmış "Maven" hərbi süni intellekt sistemi Şimali Atlantika Alyansı tərəfindən Rusiyanın qərb sərhədləri yaxınlığında mümkün hərbi bölmə hərəkətlərini izləmək üçün istifadə olunacaq.
Qeyd olunur ki, "Maven" NATO-nun şərq cinahında qoşunların yerləşməsi barədə məlumat göstərəcək, Rusiya bölmələrinin hərəkətləri ilə bağlı ətraflı informasiyalar ötürəcək, alyansı cavab tələb edən dəyişikliklər barədə xəbərdar edəcək və zərbə endiriləcək hədəfləri müəyyənləşdirəcək.
Samir


