Dron zərbələri Krımda həyatı demək olar ki, dözülməz edib - KİV

DÜNYA
16:34 / 14.08.2026
43

Ukraynanın işğal altındakı Krıma son aylarda həyata keçirdiyi dron hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə artıb. 

HİT.az xəbər verir ki, ABŞ-ın NPR nəşrinin yazdığına görə, hücumlar Rusiya ordusunun hərbi obyektləri ilə yanaşı, yarımadadakı gündəlik həyata da ciddi təsir göstərməyə başlayıb.

Yay aylarında adətən turistlərlə dolu olan Krımda bu il vəziyyətin fərqli olduğu bildirilir. Hücumlar nəticəsində yanacaq, elektrik enerjisi və digər zəruri resursların təminatında problemlər yaranıb. Yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı məlumatlara görə, bəzi ərazilərdə nəqliyyatın fəaliyyəti dayanıb, mağaza və banklar bağlanıb, su təchizatında da çətinliklər yaranıb.

Məqalədə qeyd olunur ki, Ukrayna son illərdə Krımdakı Rusiya hərbi obyektlərinə zərbələr endirsə də, son aylarda bu kampaniya daha da intensivləşib. Xüsusilə yarımadanın şimalındakı hərbi obyektlər və logistika infrastrukturu hədəfə alınıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Mark Montqomerinin sözlərinə görə, Krımın məhdud su, yanacaq və ərzaq ehtiyatları ilə bu qədər böyük əhalini təmin etmək çətinləşir. O hesab edir ki, təchizat problemlərinin uzun müddət davam etməsi əhali üçün ciddi nəticələr yarada bilər.

Ukrayna tərəfi həmçinin Krıma yanacaq, ərzaq və digər yükləri daşıyan Rusiya gəmilərinin və bərələrin fəaliyyətinin çətinləşdirildiyini bildirir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk son bir ay ərzində Azov dənizində 130-dan, Qara dənizdə isə 80-dən çox Rusiya gəmisinin zərbələrə məruz qaldığını iddia edib.

Bununla belə, ekspertlər Krımın yaxın vaxtlarda hərbi yolla azad ediləcəyini gözləmirlər. Ukrayna ordusunun hazırda yarımadanı geri qaytarmaq üçün genişmiqyaslı quru əməliyyatı keçirmək imkanının olmadığı bildirilir. Ukrayna Prezidenti Volodimir Zelenski də Krımın birbaşa hərbi yolla geri alınmasının hazırda prioritet olmadığını açıqlayıb.

NPR-in qiymətləndirməsinə görə, Ukraynanın hücumları hələlik Rusiyanın Krım üzərində nəzarətini dəyişməsə də, Moskvanın yarımadanın normal fəaliyyətini və təchizatını təmin etmək imkanlarını getdikcə daha çox sarsıdır.

Samir

0