Alimlər timsahların beyninə "baxaraq" heyrətamiz kəşf etdi

DÜNYA
20:20 / 14.08.2026
40

Son 100 milyon il ərzində timsahlar və onların yaxın qohumları, o cümlədən alliqatorlar, kaymanlar və qaviallar iqlim və yaşayış mühitində böyük dəyişikliklərdən sağ çıxıblar. Buna baxmayaraq, onların beyni bu müddət ərzində demək olar ki, dəyişməyib. 

HİT.az xəbər verir ki, bu barədə "Journal of Anatomy" jurnalında dərc olunan araşdırmada bildirilir.

Alimlərin fikrincə, timsahkimilərin demək olar ki, dəyişməyən beyni bu yırtıcı sürünənlərin on milyonlarla il əvvəl, təkamülün ilkin mərhələlərində olduqca səmərəli beyin quruluşu formalaşdırdığını göstərir. Bu quruluş o qədər uğurlu olub ki, sonradan onu əhəmiyyətli dərəcədə dəyişdirməyə ehtiyac yaranmayıb.

İsveç Təbiət Tarixi Muzeyinin tədqiqatçıları müasir timsahkimilərin və onların nəsli kəsilmiş qohumlarının kəllələrinin daxilini müasir kompüter tomoqrafiyası texnologiyasının köməyi ilə araşdırıblar.

Onlar 43 növü tədqiq ediblər. Araşdırılan növlər arasında Amerika alliqatoru (Alligator mississippiensis), Paraqvay kaymanı (Caiman yacare) və Nil timsahı (Crocodylus niloticus), eləcə də nəsli kəsilmiş növlər olub.

Tədqiqatçılar nəsli kəsilmiş növlərin qohumluğu ilə bağlı da maraqlı kəşf ediblər. Əvvəllər alimlər bu növlərin bir-birinə nə dərəcədə yaxın olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Buna səbəb çoxdan nəsli kəsilmiş bu sürünənlərin fosil kəllələrinin bir-birinə olduqca bənzəməsi idi. Lakin kompüter tomoqrafiyası kəllələrin daxilindəki gizli strukturları araşdırmağa imkan verib.

Alimlər beyin qutusunda və hiss orqanlarında əsas fərqləri müəyyənləşdirərək zahirən demək olar ki, eyni görünən növləri bir-birindən ayıra biliblər.

Nəsli kəsilmiş sürünənlərin kəllələrinin daxili quruluşunun öyrənilməsi həmçinin onların beyninin əsas formasının və daxili qulağının zamanla nə dərəcədə dəyişdiyini müəyyənləşdirməyə, eləcə də bu göstəriciləri müasir növlərlə müqayisə etməyə imkan verib.

Məlum olub ki, timsahların və onların yaxın qohumlarının beyni əsasən dəyişməz qalıb.

Araşdırmanın həmmüəllifi Pol Berk bildirib ki, bu kəşf digər onurğalı heyvanların kütləvi məhvolmalar və digər ciddi ekoloji dəyişikliklər nəticəsində yoxa çıxdığı halda, bu sürünənlərin 100 milyon ildən artıq müddətdə necə sağ qala bildiyini izah etməyə kömək edir.

Samir

0