Fransanın çimərlikləri vəhşi qabanlar bürüdü: Turistlərə xəbərdarlıq edildi

DÜNYA
17:45 / 14.08.2026
45

Fransanın məşhur Fransız Rivyerası sahillərində vəhşi qabanların sayı sürətlə artır. Heyvanların xüsusilə turistlərin çox olduğu çimərliklərə, düşərgələrə, restoranların ətrafına və istirahət məkanlarına yaxın ərazilərə gəldiyi bildirilir.

HİT.az xəbər verir ki, məlumata görə, qabanları əsasən turistlərin atdığı qida qalıqları və çimərliklərdəki zibil qutularında olan yeməklər cəlb edir. Hakimiyyət vəhşi heyvanların bəslənməsinin qadağan olunduğunu bildirsə də, bəzi turistlər və yerli sakinlər buna əməl etmir.

“Times”ın məlumatına görə, Fransada qabanların sayı hakimiyyətin onları nəzarətdə saxlaya biləcəyindən daha sürətlə artır. 2024-2025-ci illərdə ovçular tərəfindən 881 372 vəhşi qabanın məhv edildiyi bildirilir. Bu göstərici 20 il əvvəllə müqayisədə təxminən iki dəfə çoxdur.

Hələlik qabanların hücumu nəticəsində ölüm faktı qeydə alınmayıb. Lakin mütəxəssislər heyvanların özlərini təhlükədə hiss etdikdə insanlara hücum edə biləcəkləri barədə xəbərdarlıq edirlər.

Bu ilin mayında Hyer şəhərindəki Almanar çimərliyində də vəhşi qaban görünüb. Heyvan əvvəlcə dənizə girib, daha sonra sahil boyunca qaçaraq turistlər arasında narahatlıq yaradıb.

Yerli hakimiyyət problemi müxtəlif üsullarla həll etməyə çalışır. Məsələn, kurort şəhəri Frejusda vəhşi qabanları bəsləyən şəxslər üçün 450 avro məbləğində cərimə tətbiq edilib. Lakin tədbir hələlik gözlənilən nəticəni verməyib.

Vəhşi qabanlar Fransanın kənd təsərrüfatına da ciddi ziyan vurur. Onların hər il təsərrüfatlara təxminən 90 milyon avro zərər vurduğu bildirilir.

Mütəxəssislər qabanların sayının artmasını bir neçə amillə əlaqələndirirlər. Bunlara heyvanların xəstəliklərə qarşı davamlılığının artması, COVID-19 pandemiyası zamanı insan fəaliyyətinin azalması, eləcə də onların şəhər mühitinə uyğunlaşması daxildir. Qida axtaran qabanlar artıq meşələrlə yanaşı, şəhər və turizm ərazilərinə də daha tez-tez daxil olurlar.

Samir

0