Kosmosda indiyədək məlum olmayan qara dəlik növü aşkarlandı

DÜNYA
20:39 / 14.08.2026
40

Astronomlar erkən kainatda olduqca parlaq qırmızı obyekt aşkarlayıblar. Onun daxilində Günəşin kütləsindən təxminən 100 min dəfə böyük qara dəliyin yerləşdiyi, qara dəliyin isə ölçüsü Günəş sisteminə bərabər sıx hidrogen örtüyü ilə əhatələndiyi müəyyən edilib. Alimlər belə obyektlərin "qara dəlik-ulduzlar" adlı yeni sinfə aid edilməsini təklif edirlər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

MoM-BH*-1 adlandırılan obyekt Böyük partlayışdan cəmi bir neçə yüz milyon il sonra mövcud olub. Onu "James Webb" kosmik teleskopu ən uzaq erkən qalaktikaların araşdırılmasına həsr olunmuş "Möcüzə, yoxsa ilğım?" müşahidə proqramı çərçivəsində aşkarlayıb.

Obyektin yaydığı enerji indiyədək məlum olan hər hansı ulduzun istehsal edə biləcəyindən çoxdur. Onu fərqləndirən digər xüsusiyyət isə indiyədək müşahidə olunan "ən dərin Balmer sıçrayışı"dır. Bu, adi ulduzlar üçün xarakterik olmayan xüsusi işıq udulması nümunəsidir.

Obyekt əsasən hidrogen və heliumdan ibarətdir və tərkibində ağır elementlər demək olar ki, yoxdur. Onun qırmızı rənginin əvvəlcə düşünüldüyü kimi kosmik tozdan deyil, sıx qazdan qaynaqlandığı müəyyən edilib.

MIT-nin Kavli Astrofizika və Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşı, araşdırmanın rəhbəri Rohan Naydu bildirib ki, "qara dəlik-ulduzlar" "James Webb" teleskopunun erkən kainat görüntülərində çoxsaylı müşahidə edilən sirli "kiçik qırmızı nöqtələrin" təbiətini izah edə bilər.

Samir

0