Britaniya Afrikaya və Yaxın Şərqə yardımı 40 faizdən çox azaldacaq

DÜNYA
14:44 / 14.08.2026
42

Böyük Britaniya Afrika və Yaxın Şərq ölkələrinə birbaşa ikitərəfli yardımların həcmini 40 faizdən çox azaldır. 

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper parlament qarşısında çıxış edərkən Ukrayna, Qəzza zolağı, Sudan və Livana ayrılan maliyyələşmənin “tam qorunacağını” açıqlayıb. Onun sözlərinə görə, Yəmən, Somali və Əfqanıstan da prioritet olaraq qalacaq, lakin bu ölkələrə birbaşa qrant maliyyələşməsi azaldılacaq. Ən böyük ixtisarların Pakistan və Mozambikə təsir edəcəyi gözlənilir.

“Biz yardımı ona daha çox ehtiyacı olan insanlara və bölgələrə yönəldirik. Böyük donor olaraq qalacağıq – gözləntilərə görə, dünyada beşinci ən böyük donor olacağıq”, – Kuper bildirib.

Nazir vurğulayıb ki, Böyük Britaniya ənənəvi donor rolundan investor roluna keçir. London tərəfdaşlıq təklif etməyi, “paternalizm”dən uzaqlaşmağı, təcrübə təqdim etməyə və özəl investisiyaları səfərbər etməyə diqqət yetirməyi planlaşdırır.

Yeni prioritetlər sırasında dövlətçiliyin təhdid altında olduğu ölkələrə yardım, qadınların gender əsaslı qətlləri ilə mübarizə və iqlim dəyişikliyinə cavab tədbirləri də yer alır.

İxtisarlar hökumətin beynəlxalq yardım büdcəsini 2027-ci ilə qədər ümumi milli gəlirin 0,5 faizindən 0,3 faizinə endirmək qərarından sonra baş verib.

Qənaət olunan vəsait müdafiə xərclərinin ÜDM-in 2,5 faizinə çatdırılmasına yönəldiləcək. Beynəlxalq yardımın ümumi həcminin 2024-cü ildəki 14,1 milyard funt sterlinqdən (təxminən 19 milyard dollar) 2027/2028-ci maliyyə ilində 9,2 milyard funt sterlinqə (təxminən 12,4 milyard dollar) qədər azalacağı gözlənilir.

Parlamentin beynəlxalq məsələlər komitəsinin rəhbəri Sara Çempion inkişaf büdcəsinin azaldılmasının “kütləvi nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bunun nəticələrini ən çox Afrika və Yaxın Şərq hiss edəcək.

“ONE Campaign” təşkilatının Böyük Britaniya üzrə rəhbəri Adrian Lovett isə bildirib ki, ehtiyacların ən yüksək olduğu Afrikaya ikitərəfli yardımın azaldılması “dağıdıcı təsir göstərəcək”.

Samir

0