Su altında saatlarla hərəkətsiz gözləyə bilən timsahların niyə məməlilər kimi inkişaf etmiş ürəyə sahib olduğu illərdir müzakirə edilirdi. Fiziologiya mütəxəssisləri canlıların ayaq sümüklərindəki damar quruluşunu araşdıraraq onların əcdadlıq keçmişinə dair diqqətçəkən detalları üzə çıxarıblar.
HİT.az xəbər verir ki, təbiətin ən təhlükəli yırtıcıları arasında yer alan timsahlar və göydə süzən sakit quşlar düşünüldüyündən daha yaxın bir nəsil ağacını paylaşırlar. Elm dünyası bu iki canlı qrupunun mənşəyinin Erkən Trias dövründə yaşamış ortaq əcdadlara dayandığını artıq bilirdi. Lakin son araşdırmalar təkamül tarixinin naməlum səhifəsini açaraq tədqiqatçıları təəccübləndirən nəticələri ortaya çıxarıb.
Ənənəvi qənaətlərə görə yüksək metabolizm və istiqanlılıq yalnız quşların əcdadlarına xas inkişaf idi. Adelaide Universitetinin fəxri professoru Rocer Seymurun rəhbərlik etdiyi beynəlxalq komanda isə bu yanaşmanı kökündən dəyişən məlumatlar əldə edib. Mütəxəssislər 81 müxtəlif timsah növünə aid ayaq sümüyü fosillərini araşdırıb, qan damarlarının kanallarının diametrini hesablayaraq keçmişdəki qan axını sürətini müəyyənləşdiriblər. Əldə edilən məlumatlar nəsli kəsilmiş bu canlıların metabolizm sürətinin müasir məməlilərə və Komodo varanlarına olduqca yaxın olduğunu göstərib. Yəni timsahların əcdadları Çiksulub asteroidinin yaratdığı fəlakətə qədər tamamilə istiqanlı həyat sürüblər.
Bu gün suda saatlarla pusquda gözləyən timsahların dörd kameralı inkişaf etmiş ürəyə sahib olması da məhz bu keçmişin birbaşa sübutu hesab edilir. Yüksək qan təzyiqini tarazlayan bu orqan quruluşu canlıların əcdadlarına vaxtilə yüksək miqdarda enerji istehsal etmək imkanı verib.
Təxminən 66 milyon il əvvəl baş verən böyük fəlakətdən sonra atmosfer zəhərli qazlarla örtülüb. Sağ qalmaq istəyən canlılar ətraf mühit şəraitinə sürətlə uyğunlaşmalı olublar. Timsahların nəsli də bu dövrdə radikal fizioloji dəyişiklik keçirərək soyuqqanlı quruluşa keçib. Yavaşlayan metabolizm sayəsində su altında uzun müddət gizlənə bilən bu canlılar qıtlıq və zəhərli atmosfer şəraitindən sağ çıxmağı bacarıblar. Dörd kameralı ürək quruluşu isə yüksək enerjili həmin qədim dövrdən qalan bir miras kimi günümüzə qədər gəlib çatıb.
Samir


