ABŞ Prezidenti Donald Tramp daha bir ölkəni hədələyib.
Bu dəfə onun hədəfində Oman olub. Tramp Omanla İranın Hörmüz boğazı ilə bağlı razılaşmasına sərt reaksiya verib. ABŞ lideri adıçəkilən ölkəni təhdid edib:
“Əgər Oman yolumuza çıxsa, onları bombalayacağıq”.
Maraqlıdır, Trampın yeni hədəfi Oman olacaq? ABŞ-nin həqiqətən Omana zərbə endirmə ehtimalı varmı?
Siyasi şərhçi Ülviyyə Zülfiqar Hit.az-a açıqlamasında bildirib ki, Donald Trampın Omanla bağlı son açıqlamasını indiki mərhələdə bu ölkənin ABŞ-nin növbəti hərbi hədəfinə çevriləcəyinin birbaşa göstəricisi kimi qiymətləndirmək düzgün olmaz:
“Trampın təhdidi ilk növbədə İranla bağlı proseslərə və Hörmüz boğazında yaranmış vəziyyətə bağlıdır. Oman uzun illərdir Vaşinqtonla Tehran arasında mühüm vasitəçi rolunu oynayır və hazırda da İranla Hörmüz boğazı üzrə danışıqlar aparır.
Tramp isə açıq şəkildə bildirib ki, Oman ABŞ-nin boğazla bağlı planlarına mane olarsa, hərbi gücdən istifadə edilə bilər. Bu baxımdan, rəsmi Vaşinqtonun ilkin mərhələdə diplomatik və siyasi təzyiqi artırması, Omanı İranla razılaşmalarda ABŞ-nin maraqlarını nəzərə almağı düşünməsinə çalışması daha real görünür”.
Ekspert qeyd edib ki, Trampın bunu açıq şəkildə dilə gətirdiyi bir vəziyyətdə hərbi zərbə ehtimalını tamamilə istisna etmək də mümkün deyil:
“Ancaq Omana zərbə endirilməsi ABŞ üçün son dərəcə ciddi siyasi nəticələr doğura bilər. Söhbət ABŞ ilə uzunmüddətli tərəfdaşlıq münasibətləri olan və regionda vasitəçi funksiyası daşıyan dövlətdən gedir. Üstəlik, belə addım Körfəz ölkələrində Vaşinqtona münasibətdə ciddi etimad böhranı yarada bilər.
ABŞ daxilində də Trampın Oman əleyhinə hərbi addım imkanlarını məhdudlaşdırmaq üçün Konqresdə təşəbbüs hazırlanır. Ona görə də hazırkı mərhələdə zərbə ssenarisindən daha çox, sərt ritorika vasitəsilə Oman üzərində təzyiq yaradılması və onun İranla münasibətlərində manevr imkanlarının məhdudlaşdırılması daha yüksək ehtimallı görünür”.
Elmir Mustafa



