ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı mövqeyi Avropada alyansın gələcək müdafiə imkanları ilə bağlı narahatlıqları artırıb. Avropa ölkələri Rusiya ilə birbaşa müharibə baş verəcəyi təqdirdə ABŞ-ın onları müdafiə edib-etməyəcəyinə hələ də tam əmin deyil.
HİT.az xəbər verir ki, "Rolling Stone" Rusiya Prezidenti Vladimir Putinin NATO daxilində parçalanma yaratmaq məqsədilə alyans üzvlərindən birinə qarşı məhdudmiqyaslı hərbi əməliyyata başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Nəşrin yazdığına görə, Yaxın Şərqdə davam edən münaqişə də Moskva üçün əlavə imkan yarada bilər. ABŞ qüvvələrinin diqqətinin başqa istiqamətə yönəlməsi NATO daxilində mümkün zəifliklərdən istifadə etmək üçün Rusiyaya şərait yarada bilər.
Avropa öz müdafiəsinə hazırlaşır
Avropa ölkələri mümkün Rusiya təhlükəsi fonunda hərbi imkanlarını artırmağa çalışır. Bununla belə, NATO-nun hərbi üstünlüyünün mühüm hissəsi ABŞ-ın alyansı müdafiə etməyə hazır olmasına əsaslanır.
Trampın əvvəlki açıqlamaları isə Avropa ölkələrində bu məsələyə dair suallar yaradıb. Nəşr qeyd edir ki, Rusiya məhz bu qeyri-müəyyənlikdən istifadə edə bilər.
Analitiklərin mümkün ssenarilər arasında daha çox məhdudmiqyaslı hücumu nəzərdən keçirdiyi bildirilir. Belə bir vəziyyətdə Rusiya NATO ölkələrindən birinin ərazisinin müəyyən hissəsini ələ keçirib alyansın reaksiyasını sınağa çəkə bilər.
Bu ssenarinin əsas problemi ondan ibarətdir ki, ABŞ administrasiyası hadisəni NATO-nun tammiqyaslı üzv işğalı kimi qiymətləndirməyərək Avropanın məsələni özü həll etməsini tələb edə bilər.
Rusiyanın raket imkanları narahatlıq yaradır
Nəşrin diqqət çəkdiyi əsas təhlükələrdən biri Rusiyanın uzaqmənzilli hava zərbələridir. Məlumata görə, Rusiya ayda təxminən 60 “İsgəndər” ballistik raketi istehsal edir.
Avropanın isə bu tip raketləri zərərsizləşdirə bilən hava hücumundan müdafiə vasitələri baxımından ciddi çatışmazlığı olduğu bildirilir. Yaxın Şərqdəki münaqişə fonunda bu problemin daha da dərinləşdiyi vurğulanır.
Analitiklərin fikrincə, Rusiyanın Avropanın müdafiəsi zəif olan ərazilərinə kütləvi raket zərbələri endirməsi mümkün quru əməliyyatlarından əvvəl müharibənin gedişinə ciddi təsir göstərə bilər.
Nəşr yekun olaraq bildirir ki, Avropa hazırda Ukraynada gedən müharibə miqyasına uyğun uzunmüddətli qarşıdurmaya tam hazır deyil. Bununla yanaşı, NATO-nun Baltikyanı ölkələrə mümkün Rusiya hücumuna cavab vermək üçün ssenarisinin olduğu da qeyd edilir. Planın ilk mərhələsində Rusiyanın uzaqmənzilli zərbə imkanlarının zəiflədilməsi, daha sonra isə NATO-nun Rusiyaya qarşı hava əməliyyatları həyata keçirməsi nəzərdə tutulur.
Samir


