ABŞ hərbçilərinin Hörmüz boğazını blokadaya alması nəticəsində İran bu strateji marşrut üzərində nəzarətinin əhəmiyyətli hissəsini itirib.
HİT.az xəbər verir ki, bu barədə "CNN" yazıb.
Bildirilir ki, boğazdan keçən bütün gəmilərin 80 faizi Oman marşrutundan istifadə edib. Bu marşrut BMT tərəfindən rəsmən icazəli olsa da, İran ona fəal şəkildə qarşı çıxır. Tehran daha əvvəl boğazdan keçən çox sayda gəmiyə hücum etsə də, daşıyıcı şirkətlər ABŞ Hərbi Dəniz Qüvvələrinin vəd etdiyi müdafiəyə güvənərək bölgədə logistikanı bərpa ediblər.
Nəşrin yazdığına görə, cəmi bir neçə ay əvvəl Oman marşrutundan demək olar ki, heç bir gəmi istifadə etmirdi. İran isə ABŞ-la sülh müqaviləsinin qüvvədə olma müddəti başa çatdıqdan sonra boğazdan hər keçid üçün daşıyıcılardan ödəniş almağı planlaşdırırdı. Lakin hazırda Tehran daşıyıcılardan bu ödənişləri toplamağa başlamayıb.
Gəmilər İranın hücumlarından yayınmaq üçün transponderlərini söndürürdülər. Bu, onlara ənənəvi monitorinq vasitələrindən gizlənərək boğazdan keçməyə imkan verirdi.
Hazırda ABŞ bildirir ki, Hörmüz boğazındakı gəmi hərəkəti əvvəllər gözləniləndən xeyli yüksəkdir. Belə ki, Yaxın Şərqdə müharibədən əvvəl bu ərazidən sutkada 20 milyon barelə qədər neft keçirdisə, ötən həftə bu göstərici 15 milyon barel təşkil edib.
Jurnalistlərin fikrincə, məhz bu vəziyyət ABŞ prezidenti Donald Trampı ötən həftə ABŞ-ın "boğaz üzərində tam nəzarətə malik olduğunu" bəyan etməyə sövq edib. Bu iddia reallığı tam əks etdirməsə də, hazırda İranın da region üzərində tam nəzarətini itirdiyi aydın görünür.
Samir

