Sentyabrın əvvəlində səmada iki nadir hadisə baş verəcək: Nə vaxt izləmək olar?

DÜNYA
16:07 / 01.09.2026
48

Sentyabrın 7-si və 8-i səhər saatlarında Ayın planetlər və ulduzlarla nadir yaxınlaşmasını müşahidə etmək mümkün olacaq. Hadisələri adi gözlə izləmək üçün səmanın şərq hissəsinə baxmaq kifayətdir.

HİT.az xəbər verir ki, Svaqhey rəsədxanasının məlumatına görə, sentyabrın 7-də saat 05:00-da Aypara, Mars və Əkizlər bürcünün ən parlaq iki ulduzu – Polluks və Kastor səmada özünəməxsus dördbucaq əmələ gətirəcək. Göy cisimləri üfüqdən təxminən 35 dərəcə yüksəklikdə yerləşəcək və onları müşahidə etmək çətin olmayacaq.

Mars Ayın sağında və yuxarısında, Polluks isə solunda və aşağısında, təxminən 4 dərəcə məsafədə yerləşəcək. Kastor isə Ayın solunda və yuxarısında görünəcək. Bu “dördlüyü” təxminən saat 05:20-dək müşahidə etmək mümkün olacaq.

Şərq istiqamətində üfüq açıq olarsa, bir qədər aşağıda və solda Yupiteri də görmək mümkün olacaq. O, parlaq ağ ulduza bənzəyəcək və digər göy cisimləri ilə qarışdırılması çətin olacaq.

Cəmi 19 faizi işıqlanmış Ayparada isə adi gözlə və ya durbin vasitəsilə “kül rəngi işıq” adlanan hadisəni – Ayın kölgədə qalan hissəsinin zəif işıltısını müşahidə etmək mümkün olacaq.

Astronomların sözlərinə görə, bu hadisənin əsas xüsusiyyəti ondan ibarətdir ki, növbəti iki il ərzində Mars və Ayın məhz Əkizlər bürcündə belə möhtəşəm şəkildə yaxınlaşacağı başqa bir hal olmayacaq.

Sentyabrın 8-də, səhər saat 05:00-da səmada yenidən maraqlı mənzərə yaranacaq. Şərq üfüqünün üzərində Aypara görünəcək. Bu dəfə Ay üfüqdən təxminən 22 dərəcə yüksəklikdə olacaq.

Ayın yalnız 11 faizi işıqlanacağından onun qaranlıq hissəsindəki “kül rəngi işıq” xüsusilə aydın görünəcək.

Ayın bir qədər aşağısında durbin vasitəsilə “Yasli” adlı səpələnmiş ulduz topasını müşahidə etmək mümkün olacaq.

Teleskop sahibləri isə saat 03:35-dən 05:17-dək Ayın zəif ulduzların qarşısından keçməsini izləyə biləcəklər. Bu zaman ulduzlar Ayın diskinin kənarında bir-birinin ardınca yoxa çıxacaq və yenidən görünəcək.

Samir
 

0