Ukraynanın limanlarının blokadası ayda 2 milyard dollara qədər itki yarada bilər

DÜNYA
19:38 / 03.09.2026
45

Rusiyanın Ukraynanın Odessa vilayətindəki əsas dəniz limanlarının fəaliyyətini məhdudlaşdırması ölkənin ixrac gəlirlərinə ciddi zərbə vura bilər. Müxtəlif hesablamalara görə, blokadanın miqyası və müddətindən asılı olaraq Ukrayna ayda 800 milyon-1,2 milyard dollardan 1,5-2 milyard dollaradək ixrac gəlirindən məhrum ola bilər.

HİT.az xəbər verir ki, Ukrayna Milli Bankının (NBU) qiymətləndirməsinə əsasən, dəniz daşımalarında yaranan problemlər səbəbindən ölkə 2026-cı ilin ikinci yarısında təxminən 2,5 milyard dollar ixrac gəliri itirə bilər. Tənzimləyici bu itkinin bir hissəsinin 2027-ci ilin ilk yarısında kompensasiya olunacağını gözləyir.

Tammiqyaslı blokada ssenarisində isə ayda 4-5 milyon ton yükün və 1,5-2 milyard dollar həcmində ixrac gəlirinin risk altında olduğu bildirilir. Burada söhbət yalnız geri qaytarılmayacaq itkilərdən deyil, ixracın təxirə salınması və əlavə logistika xərclərindən də gedir.

Ən ciddi zərbələrdən birinin aqrar sektora dəyəcəyi gözlənilir. Ukrayna Aqrar Biznes Klubu hesab edir ki, limanların üç ay ərzində blokadada qalması nəticəsində ölkə təxminən 9 milyon ton kənd təsərrüfatı məhsulunu vaxtında ixrac edə bilməyə və 1,9-2,8 milyard dollar gəliri təxirə sala bilər. Altı aylıq blokada zamanı bu göstəricilərin müvafiq olaraq 16 milyon ton və 3,5-5,2 milyard dollara çatacağı ehtimal edilir.

Alternativ marşrutların dəniz daşımalarını tam əvəz edə bilmədiyi vurğulanır. İyunda Ukraynanın taxıl, yağlı bitkilər və emal məhsullarının ixracının təxminən 90 faizi Qara dəniz limanlarından həyata keçirilirdi. İyulda hücumların intensivləşməsindən sonra bu göstərici 80 faizə düşüb. Quru yolları və Dunay limanlarının imkanları isə məhduddur.

Limanların blokadası metallurgiya sənayesinə də ciddi təsir göstərə bilər. “Metinvest”in məlumatına görə, şirkətin dağ-mədən müəssisələrinin təxminən 75 faizi ixrac yönümlüdür. Logistikanın bahalaşması və məhsulun dəniz yolu ilə daşınmasının çətinləşməsi istehsalın azalmasına səbəb ola bilər. Artıq Cənub Mədən-Zənginləşdirmə Kombinatında hasilatın dayandırıldığı bildirilir.

Mütəxəssislər qısamüddətli perspektivdə İzmail və Reni limanlarının imkanlarının artırılmasını, əlavə barja və yedək gəmilərinin cəlb edilməsini, Moldova və Rumıniya üzərindən tranzitin sadələşdirilməsini və Avropa limanlarında əlavə yük kvotalarının əldə olunmasını vacib hesab edirlər.

Bununla belə, ekspertlər bildirirlər ki, alternativ marşrutlar böhranın yalnız bir hissəsini yumşalda bilər. Dərin sulu Odessa limanlarını tam əvəz etmək mümkün olmadığından, Ukraynanın ixrac iqtisadiyyatı üçün əsas prioritet Qara dənizdə təhlükəsiz nəqliyyat dəhlizinin fəaliyyətinin bərpasıdır.

Samir

0