Almaniyanın “Volkswagen” konserni aktivlərinin yenidən nəzərdən keçirilməsi çərçivəsində əfsanəvi İtaliya motosiklet markası “Ducati”ni sata bilər.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” “Audi”nin baş direktoru və “Volkswagen” konserninin rəhbərliyinin üzvü Gernot Döllnerə istinadən məlumat yayıb.
Döllner bildirib ki, konsern aktivlər portfelinin nizamlı və məsuliyyətli idarə olunması prinsiplərinə əsaslanır.
"Ducati"nin gələcəyinin müzakirəsi yenidən qiymətləndirmə prosesinin bir hissəsidir, lakin hələlik heç bir qərar qəbul edilməyib”, deyə o bildirib.
Onun sözlərinə görə, “Ducati”nin satışı “Volkswagen”ə 1,5 milyard dollara qədər gəlir gətirə bilər.
Qeyd olunur ki, Almaniya konserni 2017-ci ildə də “Ducati”nin satış imkanını nəzərdən keçirib. Lakin həmkarlar ittifaqlarının müqaviməti səbəbindən bu plandan imtina edib.
Sentyabrın 4-də DPA agentliyi “Volkswagen”in Müşahidə Şurasının işçi heyətinin genişmiqyaslı ixtisarını nəzərdə tutan restrukturizasiya planını yekdilliklə dəstəklədiyini bildirib.
Almaniyanın Emden, Svikkau, Hannover və Nekkarzulm şəhərlərində yerləşən dörd zavodun gələcəyi sual altına düşüb. Bu müəssisələr üçün 2031-ci ildən etibarən istehsal güclərinin rəqabətqabiliyyətli səviyyədə yüklənməsinə zəmanət vermək mümkün deyil.
Samir


