NASA-nın 10 aylıq kosmik eksperimenti 69 ay davam etdi - Səbəb gözlənilməz oldu

DÜNYA
12:38 / 14.09.2026
46

NASA-nın 1984-cü ildə kosmosa göndərdiyi LDEF (Long Duration Exposure Facility) platformasının missiyası əvvəlcə 10 ay üçün nəzərdə tutulsa da, gözlənilməz səbəblərdən təxminən 6 il davam edib.

HİT.az xəbər verir ki, LDEF Yerə yaxın orbitdə material və avadanlıqların uzunmüddətli kosmik şəraitə davamlılığını araşdırmaq məqsədilə hazırlanmışdı. Platformada ümumilikdə 57 eksperimental kompleks və minlərlə müxtəlif material nümunəsi yerləşdirilmişdi.

Alimlər əvvəlcə LDEF-i 1985-ci ildə Yerə qaytarmağı planlaşdırırdılar. Lakin kosmik şatl uçuşlarının qrafikində baş verən dəyişikliklər missiyanın uzanmasına səbəb olub. Daha sonra “Çellencer” kosmik gəmisinin qəzası səbəbindən platformanın Yerə qaytarılması bir neçə il də təxirə salınıb.

Nəticədə LDEF planlaşdırılan 10 ay əvəzinə 69 ay orbitdə qalıb. Bu müddət ərzində platforma Yerin ətrafında 32 422 dövrə vurub.

1990-cı ilin yanvarında orbitinin tədricən aşağı düşməsi səbəbindən LDEF-in itirilməsi təhlükəsi yaranıb. Yanvarın 12-də “Kolumbiya” şatlı platformanı orbitdən götürüb və 20 yanvarda Yerə qaytarıb.

LDEF-in uzun müddət kosmosda qalması alimlər üçün gözlənilməz elmi imkan yaradıb. Platformadakı materiallar illər ərzində kosmik radiasiya, mikrometeoroidlər, kosmik tullantılar, Günəş şüalanması və atomar oksigenin təsirinə məruz qalıb.

Xüsusilə atomar oksigenin polimer materiallara təsiri tədqiqatçıların diqqətini çəkib. Alimlər Yerə qaytarılan nümunələr üzərində kosmik şəraitin materialların səthinə və strukturuna uzunmüddətli təsirini ətraflı araşdırmaq imkanı əldə ediblər.

Missiyanın sonunda tədqiqatçılar 10 mindən çox sınaq nümunəsini analiz ediblər. Əldə olunan nəticələr gələcək kosmik aparatlarda istifadə ediləcək materialların seçilməsi və onların orbitdə nə qədər davam gətirə biləcəyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Beləliklə, NASA-nın planlaşdırılmamış şəkildə uzanan missiyası yalnız texniki problem deyil, həm də kosmik materialların davamlılığını öyrənmək üçün uzunmüddətli və dəyərli təcrübəyə çevrilib.

Samir

0