A vitamini və selenin artıqlığı saç tökülməsini gücləndirə bilər

DÜNYA
11:11 / 14.09.2026
43

A vitamini və selenin həddindən artıq qəbulu saç tökülməsini gücləndirə bilər. Buna görə də təsdiqlənmiş çatışmazlıq olmadan “saç üçün” vitamin kompleksləri qəbul etmək məsləhət görülmür. 

HİT.az xəbər verir ki, bu barədə trixoloq-dermatoveneroloq Ruslan Aqaev “Gazeta.Ru”ya danışıb.

Həkimin sözlərinə görə, payız aylarında saç tökülməsinin artması mütləq vitamin çatışmazlığı ilə əlaqəli deyil. Tam və müxtəlif qidalanma zamanı əlavə vitamin komplekslərinin qəbulu saçları daha sıx, möhkəm və sağlam etmir.

“Gündəlik qida rasionunda zülal mənbəyi olmalıdır: ət, quş əti, balıq, yumurta, süd məhsulları və paxlalılar. Bunlar bir növ tikinti materialıdır. Dəmir və sinklə zəngin məhsullar da az əhəmiyyət daşımır: ət və dəniz məhsulları, yumurta, paxlalılar, qoz-fındıq və toxumlar. Tərəvəz, meyvə və giləmeyvələr orqanizmi vitaminlər, minerallar və antioksidantlarla, balıq və bitki yağları isə zəruri yağ turşuları ilə təmin edir”, – ekspert qeyd edib.

Bununla yanaşı, sərt pəhrizlər, aclıq, kəskin çəki itkisi və ya bütöv qida qruplarından imtina, əksinə, saç tökülməsini gücləndirə bilər. Qida maddələrinin çatışmazlığı saçların vaxtından əvvəl dincəlmə fazasına keçməsinə səbəb ola bilər. Bundan sonra saç tökülməsi daha da arta bilər.

Aqaev bildirib ki, vitamin və mineral əlavələri yalnız təsdiqlənmiş çatışmazlıq zamanı qəbul edilməlidir. Məsələn, anemiya və ya dəmir çatışmazlığı zamanı həkim laborator müayinədən sonra vəziyyəti düzəltmək üçün müvafiq preparatlar təyin edə bilər.

Eyni zamanda, göstəriş olmadan əlavələrin qəbulu ayrı-ayrı maddələrin həddindən artıq toplanması riski səbəbindən arzuolunmazdır.

“Töxüsusilə A vitamininin, selenin və bir sıra digər qida maddələrinin artıqlığı saç tökülməsinin güclənməsinə səbəb ola bilər”, – trixoloq dəqiqləşdirib.

Saç tökülməsinin mövsümi olaraq artması zamanı ekspert əvvəlcə problemin səbəbini müəyyənləşdirməyi tövsiyə edir. Saçlar iki-üç aydan çox müddət ərzində nəzərəçarpacaq dərəcədə tökülürsə və ya seyrəkləşmə və keçəlləşmə sahələri yaranıbsa, dermatoveneroloq-trixoloqa müraciət etmək məsləhətdir.

Samir
 

0