Kim Çen Inın bacısı: Ölkənin nüvə statusu mütləq və geri dönməzdir

DÜNYA
14:50 / 17.09.2026
42

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çon Pxenyanın nüvə statusunun “mütləq” və geri dönməz olduğunu bildirib.

HİT.az xəbər verir ki, bu barədə “Korea Herald” yazıb.

Nəşrin məlumatına görə, Kim Yo Çon denuklearizasiya ilə bağlı çağırışları rədd edərək, onları “sadəcə boş sözlər, heç bir yeniliyi olmayan və diqqətəlayiq olmayan ifadələr” adlandırıb.

“MAQATE və Qərb əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq nə qədər ümidsiz şəkildə vaxtaşırı görüşlər keçirsə və denuklearizasiyanı müzakirə etsə də, bu, KXDR-in dövlətin ali maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək iradəsinə və imkanına təsir göstərə bilməz”, - deyə o qeyd edib.

Kim Yo Çonun sözlərinə görə, Şimali Koreyanın nüvə silahına malik dövlət kimi mövqeyi “mütləqdir” və dəyişdirilə bilməz. Kim Çen Inın bacısı vurğulayıb ki, KXDR-in nüvə statusu “fiziki və hüquqi baxımdan yekun şəkildə təsbit olunub”.

“KXDR-in gücündə və mövqeyində baş verən həlledici dəyişiklikləri heç kim və heç nə geri çevirə bilməz”, - deyə o bildirib.

Sentyabrın 16-da Şimali Koreyanın kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə ABŞ-Cənubi Koreya komitəsinin (CWMDC) iclasına cavab olaraq nüvə qüvvələri haqqında qanundan istifadə etməklə hədələdiyi məlum olub.

Sentyabr ayında KXDR lideri Kim Çen In Pxenyanın hərbi gücünü artırmaqda davam edəcəyini bildirib.

Samir
 

0