World Weather Attribution (WWA) tədqiqatçılar qrupu avqust ayında Nepal və Tibetdə dağıntılara səbəb olan buzlaq uçqununun baş verməsinə iqlim dəyişikliyinin səbəb olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Alimlərin məlumatına görə, regionda temperaturun sürətlə yüksəlməsi Himalay dağlarında buzlaqların nazikləşməsinə, buz və əbədi donmuş torpağın əriməsinə səbəb olub.
Tədqiqatda qeyd edildiyi kimi, avqust ayında Himalay regionunda orta temperatur normadan təxminən 5 dərəcə Selsi yüksək olub. Orta temperaturun 1,5 dərəcə artması iqlim dəyişikliyi ilə əlaqələndirilir. Ötən ilin oktyabr və noyabr aylarında yağan güclü qar da ərimiş suyun həcminin artmasına səbəb olub.
2000-ci ildən bəri regiondakı buzlaqlar ildə təxminən yarım metr nazikləşir və bu, dağ süxurlarına düşən yükün dəyişməsinə gətirib çıxarır. Əbədi donmuş torpağın əriməsi də qaya divarını zəiflətmiş ola bilər.
Avqustun 25-də Lanqtanq-Lirunq dağında buzlaq uçqunu baş verib. Buzun bir hissəsi Lhende-Khola çayının dərəsinə düşərək çayın məcrasını bağlayıb. Kaskad effekti nəticəsində daha üç çay da hadisədən təsirlənib. Yaranan sel suları Nepalın altı regionunda və Çinin Tibet Muxtar Rayonunda dağıntılara səbəb olub.
Sentyabrın 15-nə olan məlumata görə, fəlakət nəticəsində ölənlərin sayı təxminən 1,4 min nəfər kimi qeydə alınıb.
Samir


