Tailandın Pathumthani əyalətində xəstəxananın baş həkimi birbaşa iş kabinetində tabeliyində olan əməkdaşlarla kart oynadığı üçün vəzifəsindən uzaqlaşdırılıb.
HİT.az xəbər verir ki, bu barədə "Thai Newsroom" məlumat yayıb.
Məlumat STRONG Anti-Corruption Club Thailand antikorrupsiya icmasının səhifəsində dərc olunub. İcmanın müəllifləri iddia ediblər ki, rəhbər demək olar, hər axşam əməkdaşları kart oynamağa toplayıb. Bəzi işçilərin isə davamlı məğlubiyyətlər səbəbindən narazı olduğu bildirilir.
Yazıda "xəyali növbələr" adlandırılan sxemlərlə bağlı şübhələrə də yer verilib. Söhbət növbələrin və ya ödənişlərin saxta şəkildə rəsmiləşdirilməsindən gedir. Bu ittihamlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Əyalət administrasiyasının rəhbəri məlumatların yoxlanılması üçün xüsusi komissiya yaradıldığını bildirib.
Araşdırmanın yeddi gün ərzində başa çatdırılması nəzərdə tutulur. Məmurun sözlərinə görə, pozuntular təsdiqlənərsə, rəhbər dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydalara uyğun intizam tədbirləri ilə üzləşəcək. O, işdən azad edilmə ehtimalını da istisna etməyib, lakin qərarın yalnız yoxlama başa çatdıqdan sonra veriləcəyini vurğulayıb.
Samir


