Astronomlar erkən Kainatdakı qalaktikaların qeyri-adiliyini izah etdi

DÜNYA
19:19 / 22.09.2026
42

Yuta Universitetinin astronomları "Hubble" kosmik teleskopunun köməyi ilə qədim qalaktikaların qeyri-adi davranışının səbəbini müəyyənləşdiriblər. 

HİT.az xəbər verir ki, "The Astrophysical Journal Supplement Series" jurnalında dərc olunan araşdırma göstərib ki, erkən ulduz sistemlərinin qeyri-adi xüsusiyyətləri ağır elementlərin çatışmazlığı səbəbindən ulduz küləyinin kəskin zəifləməsi ilə bağlıdır. Bu nəticə ilk qalaktikaların formalaşmasına yeni baxış imkanı yaradır.

Alimlər metallarla kasıb ulduzların öyrənilməsinə yönəlmiş TEMPOS proqramının məlumatlarını təhlil edib və ultrabənövşəyi spektroqraf vasitəsilə yaxınlıqdakı altı cırtdan qalaktikada 29 kütləvi ulduzu araşdırıblar. Bu qalaktikalar tərkibində ağır elementlərin son dərəcə az olması səbəbindən erkən Kainatdakı gənc sistemlər üçün ideal analoqlar hesab olunur.

Məlum olub ki, metallıq səviyyəsi aşağı olan ulduzlarda onların xarici təbəqələrini fasiləsiz şəkildə sovuran ulduz küləyinin sürəti kəskin azalır.

"Astronomlar "Webb" vasitəsilə bu erkən qalaktikaların təkamülü ilə bağlı çoxlu yeni suallar ortaya çıxarıblar – onlar qəribədir. Proqramımızın elmi motivasiyası da məhz budur: orada nələrin baş verdiyini anlamağa kömək etmək. Ən aşağı metallıq səviyyəsinə malik ulduzlarda küləyin sürətinin həqiqətən kəskin azalması bizim üçün sürpriz oldu", – tədqiqatın rəhbəri Qreys Telford bildirib.

Araşdırmanın mühüm istiqamətlərindən biri ulduzların kimyəvi müxtəlifliyinin öyrənilməsi olub. Əvvəllər astronomlar metallıq səviyyəsini əsasən oksigenin miqdarı ilə qiymətləndirirdilər, çünki onun spektrdəki parlaq xətlərini cihazlarla qeydə almaq daha asandır. Lakin alimlər ultrabənövşəyi şüalanmada dəmirin udulmasını birbaşa ölçə biliblər və onun miqdarının əhəmiyyətli dərəcədə dəyişə bildiyini müəyyənləşdiriblər.

Dəmir ulduz küləyinin yaranmasında əsas rol oynayır. O, ulduzun necə təkamül etdiyini və həyat dövrünü güclü fövqəlnova partlayışı ilə necə başa vurduğunu müəyyən edən amillərdən biridir.

Kütləvi ulduzlar qalaktikaların təkamülünün əsas hərəkətverici qüvvələrindən hesab olunur. Onlar yanacaqlarını çox sürətlə yandırır və ətrafdakı qaza böyük həcmdə enerji buraxırlar. Ulduz zəif külək səbəbindən daha az kütlə itirirsə, həyatının sonuna qədər ilkin kütləsini daha çox qoruyub saxlayır.

Bu isə son partlayışın gücünə və ulduzların öz qalaktikalarındakı qazı necə tənzimlədiyinə birbaşa təsir göstərir. Əldə olunan nəticələr astronomlara qədim sistemlərin daha dəqiq modellərini yaratmağa və "James Webb" teleskopunun kosmosun ən uzaq bölgələrində qeydə aldığı qeyri-adi siqnalları nəhayət izah etməyə kömək edəcək.

Samir

0