Fransada işıqforda görünən qırmızı xaç nə deməkdir?

DÜNYA
18:18 / 25.09.2026
44

Fransada avtomobil idarə edən sürücülər işıqforların arxa hissəsində qeyri-adi qırmızı xaç işarəsi ilə qarşılaşa bilərlər. Yaşıl işıq yandığı halda görünən bu siqnal ilk baxışda qadağa və ya təhlükə xəbərdarlığı kimi qəbul edilsə də, əslində qarşı istiqamətdə hərəkətin dayandırıldığını göstərir.

HİT.az xəbər verir ki, bu xüsusi işarə fransız dilində “croix grecque”, yəni “yunan xaçı” adlanır. Onun əsas məqsədi qarşı istiqamətdəki işıqforun vəziyyəti barədə sürücünü məlumatlandırmaqdır.

Bu siqnal xüsusilə sıx hərəkətin olduğu yolayrıclarında sola dönən sürücülər üçün faydalıdır. Məsələn, sürücü artıq yolayrıcında qarşıdan gələn avtomobillərin keçməsini gözləyirsə, qarşı istiqamətdə qırmızı işıq yandıqda svetoforun arxa hissəsində də qırmızı xaç görünür. Bu, qarşıdan gələn nəqliyyatın dayanmalı olduğunu bildirir.

Lakin qırmızı xaç sürücüyə avtomatik üstünlük vermir. Sürücü öz işıqforunun göstərişlərinə əməl etməli, həmçinin piyadaları, velosipedçiləri və digər hərəkət iştirakçılarını nəzərə almalıdır.

Mütəxəssislərin fikrincə, bu siqnal yolayrıcında vəziyyəti daha aydın göstərmək üçün istifadə olunur. Buna görə də xaricdə avtomobil idarə edən şəxslər belə qeyri-adi işarələrin mənasını əvvəlcədən bilməlidirlər.

Samir
 

0