826 min manatlıq borcun ödənilməməsi ilə əlaqədar “Green Stream İnternational” MMC-nin və onun iki təsisçisinin əmlaklarına həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Sumqayıt Kommersiya Məhkəməsi kreditor şirkətin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı müraciətini qismən təmin edib.
Məhkəməyə müraciət edən şirkət “Green Stream İnternational” MMC və onun təsisçiləri ilə bağlanmış barışıq sazişi üzrə öhdəliklərin yerinə yetirilmədiyini bildirib. Sazişə əsasən, şirkət 826 902,17 manat borcu 2028-ci ilədək müəyyən edilmiş ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürüb.
İş materiallarından məlum olub ki, borcun əsasında bankla bağlanmış üç maliyyələşdirmə müqaviləsi dayanır. Kreditor şirkət əvvəlki tələbkar bankla bağladığı tələb hüququnun satılması haqqında müqavilə əsasında həmin kreditlər üzrə ümumilikdə 3 milyon 25 min 596,17 manatlıq tələb hüququ əldə edib. Tərəflər arasında sonradan bağlanan barışıq sazişi ilə bu borcun 826 902,17 manatlıq hissəsinin ödənilməsi razılaşdırılıb.

Barışıq sazişinin təminatı olaraq “Green Stream İnternational” MMC-nin təsisçiləri zaminlik müqaviləsi də imzalayıblar. Həmin müqaviləyə əsasən, onlar borcun ödənilməsi ilə bağlı şirkətlə birlikdə məsuliyyət daşımağı qəbul ediblər.
Məhkəmə hesab edib ki, borcun könüllü ödənilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə bilər. Bu səbəbdən “Green Stream İnternational” MMC-yə və onun iki təsisçisinə məxsus əmlakların üzərinə 826 902,17 manat borc həcmində həbs qoyulması qərara alınıb.
Qərardadın icrası Bakı şəhərinin Sabunçu, Yasamal və Xətai rayon icra şöbələrinə həvalə edilib. Qərar dərhal icra olunmalıdır.
Qeyd edək ki, Rusiyanın 20 aparıcı istehsalçısının Azərbaycandakı distribütoru olan “Green Stream İnternational” MMC ölkəmizə yalnız Rusiya istehsalı olan tikinti məhsullarını – izolyasiya vasitələrini, əl alətlərini, santexnika avadanlıqlarını və elektrik əşyalarını gətirərək satır.
Dövlət qeydiyyatı məlumatlarına əsasən, nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Qasımzadə Rövşən Ələsgər oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 47, mənzil 38-dir. “Green Stream International” MMC-nin təsisçiləri isə Ramin Şərifov və Rövşən Qasımzadədir.


