Binəqədidə sakinlərin yolunu kəsən tikili ilə bağlı qalmaqal: “Deputat deyib ki..."

İQTİSADİYYAT
18:39 / 07.09.2021
1689

Binəqədi rayonu 7-ci mikrorayon, Fərman Məlikov küçəsi 3D ünvanında naməlum şirkət tərəfindən qanunsuz tikinti işləri hələ də davam etdirilir. 

Bu barədə Qaynarinfo-ya bina sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tikinti aparılan əraziyə gələrək hər iki tərəfin şikayətini dinləyib, lakin hələ də məsələ həllini tapmayıb:

"Ərazidə tikinti başlayanda bizə bildirdilər ki, 4 mərtəbəli bina tikiləcək. Sonradan məlum oldu ki, 10-12 mərtəbəli binanın tikintisi təsdiqlənib. Bunu da biz, layihəni görəndə bilmişik. Burada binanın tikintisi həm təhlükəlidir, həm də şəhərsalma proqramı baxımından düzgün deyil. Həmin şəxlərin bildirdiyinə görə, bizim məhləyə gedən yolu alıblar. Başa düşə bilmirəm ki, yolu necə almaq olar? Guya bizə arxa tarəfdən yol çəkəcəklər. Onların yol çəkəcəkləri yerdə isə ticarət mərkəzi və yaşıllıq var. Ağacları məhv edib yol çəkəcəklər?
 
Orada 2, 5 və 6 bloklu bina var. İki binanın ortasında bina tikintisinə kim icazə verib? Hətta ilk vaxtlar bizə bildirildi ki, bura da həyət evləri tikilir. Amma tikiləndə gördük ki, bu bünövrə həyət evi deyil. Sakinlər etiraz etdi və buna görə tikinti bir il dayandırıldı. Sonra dedilər ki, ikimərtəbəli ticarət mərkəzi tikilir. Sənəd tələb etdikdə gördük ki, 14 mərtəbəli bina tikiəcək. Yenidən etiraz etdik, bir müddət də tikintini saxladılar. Əgər orda bina tikilərsə, bizim yaşayışımız təhlükəli olacaq.
 
Baku TV çəkilişə gələndə polislər də gəlmişdi. Amma tikinti aparanlar ərazidən uzaqlaşdılar. Polis idarəsinə getdik, ərizə yazdıq. Lakin cəmi bir nəfərin ərizəsi qəbul edildi və bildirildi ki, gedin sizə məlumat veriləcək. Hazırda az da olsa, işlər gedir. Hər gün axşam 23:00-kimi betonqarışdıran avtomobillər və iri texnikalarla tikinti aparılır. Hətta bir dəfə millət vəkili Azay Quliyev də ərazidə olub. Deputat bildirdi ki, bu məsələ ilə bağlı ölçü götürüləcək. Azay Quliyev həm bizim, həm də qarşı tərəfin şikayətini dinləyib. Təsadüfən qarşı tərəfdən aldığımız məlumata görə, Azay bəy onlara "Əgər sakinləri razı sala biləcəksinizsə, gedin tikin" deyib.

Qeyd edək ki, şirkət nümayəndələri Baku TV əməkdaşlarına heç bir qanunsuz tikintinin olmadığını bildirib. Onlar tikinti üçün lazımı orqanlardan icazə alıb.

0